Səudiyyə Ərəbistanından rəsmi narahatlıq bəyanatı
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bu gün – cümə axşamı yaydığı rəsmi bəyanatda Yəməndə fəaliyyət göstərən “Cənub Keçid Şurası”nın Hədrəmut və Məhra vilayətlərində son dövrlərdə həyata keçirdiyi hərbi hərəkətlərdən ciddi narahatlıq ifadə edib. Nazirlik bu addımların gərginliyi artıran və mövcud siyasi proseslərə zərər vuran mahiyyət daşıdığını bildirib.
Bəyanatda vurğulanıb ki, sözügedən hərbi hərəkətlər əsassız eskalasiya xarakteri daşıyır və bu, Yəmən xalqının bütün təbəqələrinin maraqlarına, eləcə də “cənub məsələsi”nə mənfi təsir göstərir. Eyni zamanda qeyd olunub ki, bu addımlar Yəməndə sabitliyin bərpası üçün çalışan koalisiya qüvvələrinin səylərini də ciddi şəkildə zəiflədir.
“Birtərəfli addımlar” tənqidi
Səudiyyə Xarici İşlər Nazirliyi bəyan edib ki, “Cənub Keçid Şurası”nın Hədrəmut və Məhra vilayətlərindəki hərbi mövcudluğu Prezident Şurası ilə razılaşdırılmadan, birtərəfli qaydada həyata keçirilib. Bu isə keçid dövrünü tənzimləyən konstitusion və siyasi çərçivələrlə ziddiyyət təşkil edir.
Nazirlik bildirib ki, Ər-Riyad son dövrlərdə Yəməndə mövqelərin yaxınlaşdırılması, daxili birliyin qorunması və sülh yolu ilə həllin tapılması üçün intensiv səylər göstərib.
Səudiyyə–BƏƏ birgə təşəbbüsü
Açıqlamada qeyd olunub ki, yaranmış vəziyyəti nəzarət altına almaq məqsədilə Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri, Prezident Şurasının sədri və Ədən hökuməti ilə koordinasiyalı şəkildə fəaliyyət göstərib. Bu çərçivədə Səudiyyə–Əmirliklərdən ibarət birgə hərbi heyət Ədən şəhərinə göndərilib.
Bəyanata əsasən, bu heyətin məqsədi “Cənub Keçid Şurası” ilə razılaşaraq onun qüvvələrinin Hədrəmut və Məhra vilayətlərindən çıxarılmasını, əvvəlki mövqelərinə qaytarılmasını və hərbi düşərgələrin “Vətən Qalxanı” qüvvələrinə və yerli hakimiyyət orqanlarına təhvil verilməsini təmin etməkdir. Bütün prosesin koalisiya qüvvələrinin nəzarəti altında, təşkilatlanmış şəkildə həyata keçirilməsi planlaşdırılır.
“İctimai maraqlar üstün tutulmalıdır”
Səudiyyə Xarici İşlər Nazirliyi bildirib ki, hazırda da vəziyyətin əvvəlki halına qaytarılması üçün diplomatik və siyasi səylər davam etdirilir. Ər-Riyad “Cənub Keçid Şurası”nı ictimai maraqları üstün tutmağa, gərginliyə son qoymağa və qüvvələrini vilayətlərdən təcili və problemsiz şəkildə çıxarmağa çağırıb.
Bəyanatda bütün Yəmən siyasi qüvvələri və ictimai-siyasi aktorları təmkinli davranmağa, təhlükəsizlik və sabitliyi poza biləcək addımlardan çəkinməyə dəvət edilib.
“Cənub məsələsi dialoqla həll olunmalıdır”
Sənədin sonunda vurğulanıb ki, “cənub məsələsi” tarixi və sosial ölçüləri olan ədalətli bir mövzudur və yalnız bütün Yəmən tərəflərinin iştirakı ilə, ümumi siyasi həll çərçivəsində dialoq yolu ilə həll edilə bilər.
Separatizm çağırışları fonunda gərginlik
Qeyd edək ki, bir neçə gün əvvəl Prezident Şurası “Cənub Keçid Şurası”nı təmsil edən bəzi nazirlərin və rəsmi şəxslərin ayrılma çağırışlarını dəstəkləyən açıqlamalarına reaksiya verib. Şura bu cür bəyanatların vəzifə səlahiyyətlərindən kənar olduğunu və keçid dövrünün hüquqi çərçivəsinə zidd sayıldığını bildirib.
Prezident Şurasının sədri Rəşad əl-Əliminin göstərişi ilə dövlətin hüquqi mövqeyinə və institutların birliyinə zərər vuran hərəkətlərə qarşı hüquqi və inzibati tədbirlərin görüləcəyi açıqlanıb. Bildirilir ki, əl-Əlimi hazırda Ədən şəhərində deyil və bir müddət əvvəl Səudiyyə Ərəbistanına gedib.
