Tramp və bin Salman Vaşinqtonda kritik mövzuları müzakirə etdi
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Vaşinqtonda görüşərək regional siyasət, təhlükəsizlik və nəhəng investisiya paketləri ətrafında geniş müzakirələr aparıb. Tramp görüşdən sonra verdiyi açıqlamada Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın son bir ildə “misilsiz nəticələr” gətirdiyini bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının ABŞ-da həyata keçirdiyi və ya öhdəlik götürdüyü investisiyaların ümumi həcmi 21 trilyon dollara çatır. Bu məbləğin 18 trilyon dollarının son doqquz ayda formalaşdığını qeyd edən Tramp, bin Salmanın əlavə 600 milyard dollarlıq investisiya ilə bağlı razılığına görə təşəkkür edib və həcmin gələcəkdə 1 trilyon dollara yüksələ biləcəyini söyləyib. O əlavə edib ki, bu yatırımlar sənaye müəssisələrindən tutmuş Uoll Strit maliyyə əməliyyatlarına qədər geniş sahələri əhatə edir.
ABŞ iqtisadiyyatı və müdafiə əməkdaşlığı
Tramp çıxışında ABŞ-da qiymətlərin davamlı şəkildə azaldığını iddia edərək, ölkəni dörd il davam etmiş “ən ağır inflyasiya böhranından” xilas etdiyini bildirib. O, Səudiyyə Ərəbistanını və “İsrail”i “böyük müttəfiqlər” kimi xarakterizə edərək, hər iki tərəfin F-35 qırıcılarını əldə edə biləcək səviyyədə olduğunu vurğulayıb. Prezident ABŞ-ın Səudiyyə Ərəbistanına “İsrail” üçün tətbiq edilən modelə yaxın F-35 satışı həyata keçirməyə hazır olduğunu qeyd edib.
Görüşdə “İbrahim Sazişləri” də müzakirə olunub. Tramp tərəflərin həm bir dövlət, həm də iki dövlət həllinə dair variantları nəzərdən keçirdiyini və bu istiqamətdə yeni danışıqların aparılacağını bildirib.
İran və Suriya ilə bağlı açıqlamalar
Prezident Tramp İranın nüvə imkanlarına münasibətdə öz administrasiyasının “çox uğurlu addımlar atdığını” iddia edib və Tehranın yeni bir razılaşma üçün danışıqlara “çox ciddi şəkildə can atdığını” söyləyib. O bildirib ki, tərəflər arasında yeni diplomatik kanal artıq aktivləşib.
Suriya mövzusuna toxunan Tramp, keçid rəhbəri Əhməd Şərhin Vaşinqtona son səfərini “uğurlu və məhsuldar” adlandırıb. O, Suriyanın “böyük irəliləyiş əldə etdiyini” və ölkəyə tətbiq edilən sanksiyaların ləğv edildiyini elan edib.
Bin Salman: “İbrahim Sazişlərinin bir hissəsi olmaq istəyirik”
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman öz çıxışında ölkəsinin “İbrahim Sazişləri”nin tərkib hissəsi olmaq niyyətini açıqlayıb. Bununla yanaşı, iki dövlət həllinə gedən yolun təmin edilməsinin vacibliyini vurğulayıb. O, Səudiyyə Ərəbistanının həm “İsrail”, həm də fələstinlilər üçün sülh istədiyini bildirib.
Bin Salman, ABŞ-dakı investisiyalarını 600 milyard dollardan təxminən 1 trilyon dollara qədər artıra biləcəklərini söyləyib. Onun sözlərinə görə, bu investisiyalar texnologiya sahəsində yeni əməkdaşlıqları da özündə birləşdirir. Vəliəhd şahzadə Trampın “qlobal sülh naminə çalışdığını” da vurğulayıb.
