Rusiya WhatsApp-ı mərhələli şəkildə bloklamağa başladı
Rusiyada bu gün WhatsApp üzərində müşahidə edilən genişmiqyaslı giriş problemlərinin səbəbi bəlli olub. Roskomnadzor rəsmi açıqlama verərək bildirib ki, tətbiq Rusiya qanunlarını pozduğu üçün onun fəaliyyətinə qarşı mərhələli məhdudiyyətlər tətbiq edilir.
Qurumun TASS-a verdiyi açıqlamada qeyd edilir ki, WhatsApp ölkədə:
-
terror fəaliyyətlərinin koordinasiyası,
-
yeni iştirakçıların cəlbi,
-
vətəndaşlara qarşı dələduzluq,
-
eləcə də digər cinayətlər
üçün istifadə olunur.
“WhatsApp Rusiyanın təhlükəsizlik tələblərinə əməl etmir”
Açıqlamada bildirilib ki, Rusiyanın bu cür cinayətlərin qarşısını almaq üçün tətbiq etdiyi qanuni tələblərə WhatsApp uyğunlaşmır. Buna görə də:
“WhatsApp-a qarşı davamlı məhdudlaşdırıcı tədbirlər tətbiq edirik. Məhdudiyyətlər mərhələli şəkildə həyata keçirilir və istifadəçilərə digər mesajlaşma platformalarına keçmək imkanı yaradılır.”
Qurum həmçinin vətəndaşlara yerli mesajlaşma tətbiqlərinə keçməyi tövsiyə edib və WhatsApp-ın tələblərə əməl etməməsi halında tam şəkildə bloklanacağını istisna etməyib.
Yerli alternativlər sürətlə yayılır
Rusiya əvvəllər də təhlükəsizlik və fırıldaqçılıqla mübarizə məqsədilə WhatsApp və Telegram üzərindən zəngləri məhdudlaşdırmışdı. Hazırda ölkədə yeni istifadəyə verilmiş MAX messenceri xüsusilə dövlət qurumları arasında sürətlə yayılır.
