Rusiya “Uçan Çernobıl” Adlandırılan Yeni Nüvə Raketini Sınaqdan Keçirdi

2 Dəq Oxuma Müddəti

Rusiya yeni nəsil nüvə raketini sınaqdan keçirdi

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin “Burevestnik” adlı qanadlı raketini uğurla sınaqdan keçirdiyini açıqlayıb. Bu raket nüvə mühərriki ilə işləyir və nüvə başlığı daşımaq gücünə malikdir. Putin bildirib ki, sınaq Rusiyanın müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.

Böyük Britaniyanın “The Guardian” qəzeti yazır ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov sınaq barədə Putinə hesabat təqdim edib. Onun sözlərinə görə, “Burevestnik” raketi 14 min kilometr məsafə qət edib və 15 saat havada qalıb.

NATO təsnifatında bu raket “SSC-X-9 Skyfall” adı ilə qeyd olunur.

“Uçan Çernobıl” – mübahisəli texnologiya

Silah nəzarəti üzrə ekspertlər bildirirlər ki, nüvə mühərrikli bu cür raketlər uçuş zamanı radioaktiv tullantılar buraxa bilər. Bu səbəbdən “Burevestnik” bəzən “uçan Çernobıl” adlandırılır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu tip texnologiyalarla bağlı təhlükəsizlik və ekoloji risklər yüksəkdir.

Ekspertlərin fikrincə, belə sınaqlar Rusiya ilə Qərb arasında yeni silahlanma yarışını alovlandıra bilər.

Ukrayna müharibəsinin fonunda təhlükəli siqnal

Sınaq, Rusiya ilə Qərb arasında gərginliyin artdığı bir vaxtda – Ukraynada davam edən müharibə fonunda həyata keçirilib. Moskva dəfələrlə xəbərdarlıq edib ki, əgər Qərb ölkələri Ukraynaya uzaqmənzilli silahlar versələr və ya birbaşa müdaxilə etsələr, bu, nüvə eskalasiyasına səbəb ola bilər.

Analitiklər hesab edirlər ki, “Burevestnik” sınağı həm texnoloji qüdrət nümayişi, həm də Qərbə siyasi mesaj xarakteri daşıyır.

2019-cu ildəki faciə xatırlanır

Xatırladaq ki, 2019-cu ilin avqustunda Rusiyada analoji layihə üzərində işləyən beş alim qəza nəticəsində həlak olmuşdu. Hadisə zamanı radioaktiv sızma qeydə alınmış və yaxın yaşayış məntəqələrində qısa müddətli radiasiya artımı müşahidə olunmuşdu. Sonradan Vladimir Putin həmin alimlərin ailələrini dövlət ordenləri ilə təltif etmişdi.

Müşahidəçilərin fikrincə, Moskvanın “Burevestnik” raketini yenidən gündəmə gətirməsi, Qərbə qarşı hərbi balansı qorumaq niyyətindən irəli gəlir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş