Rusiyanın BMT-dəki Daimi Nümayəndəsi Vasiliy Nebenzya Rusiyanın İran xalqı ilə həmrəylik içində olduğunu bildirərək, ölkədə baş verən hadisələrin “rəngli inqilab” ssenarilərini xatırlatdığını qeyd edib.
Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsi Vasiliy Nebenzya İranda baş verən son hadisələrlə bağlı Moskvanın Tehran rəhbərliyinə və İran xalqına dəstəyini bir daha ifadə edib. Nebenzya baş verən hadisələr nəticəsində insan itkilərinin Rusiyada dərin təəssüf doğurduğunu vurğulayıb.
“İran xalqı ilə həmrəyliyimizi ifadə edir və bütün günahsız qurbanların ailələrinə başsağlığı veririk.”
Nebenzya bildirib ki, İran İslam Respublikasında yaşananlar, keçmişdə müxtəlif ölkələrdə müşahidə olunmuş “rəngli inqilab” ssenarilərini xatırladır. Bununla belə, o, ölkədəki etiraz dalğasının hazırda sürətini itirdiyini və vəziyyətin tədricən sakitləşməyə doğru getdiyini qeyd edib.
Rus diplomat həmçinin İrana qarşı “təxribat xarakterli” addımlardan çəkinilməsinin vacibliyini vurğulayaraq, ölkənin daxili işlərinə yönəlmiş hər cür xarici müdaxiləni qınadıqlarını açıq şəkildə bəyan edib.
