Rusiya: Bir gecədə 36 Ukrayna dronu vuruldu
Rusiya Müdafiə Nazirliyi bazar ertəsi açıqlayıb ki, ölkənin hava hücumundan müdafiə sistemləri ötən gecə ərzində müxtəlif bölgələr üzərində uçan 36 Ukrayna pilotsuz uçuş aparatını məhv edib. Nazirliyin məlumatına görə, Ukraynanın hücum cəhdləri ölkənin bir neçə vilayəti istiqamətində qeydə alınıb.
Rəsmi açıqlamada bildirilir ki, müdafiə sistemləri Briansk vilayəti üzərində 14, Tambov vilayəti üzərində 8, Ulyanovsk vilayəti üzərində 5, Voronej vilayəti üzərində 4, Oryol vilayəti üzərində 3 dronu vurub. Bundan başqa, Nijni Novqorod və Tula vilayətlərinin hər birində bir pilotsuz aparat zərərsizləşdirilib.
Ukraynanın şərqində üç nəfər həlak oldu
Ukraynanın yerli hakimiyyəti Xarkov vilayətində baş verən son hücumlarla bağlı yeni məlumat yayıb. Xarkov şəhərinin hərbi administrasiya rəhbəri Vitali Karabanov “Telegram” hesabında bildirib ki, Rusiya ordusu Balakleya şəhərinin mərkəzinə iki raket zərbəsi endirib. Hadisə nəticəsində azı üç nəfər həyatını itirib.
Ukraynada qış fəslinin yaxınlaşması ilə Moskvanın enerji infrastrukturlarına hücumları artıb. Rusiya ordusu elektrik stansiyaları və enerji xətlərini hədəfə aldığı halda, Kiyev də mütəmadi olaraq Rusiyanın neft anbarları, emal zavodları və enerji obyektlərinə zərbələr endirir.
Cəbhədə yerdəyişmələr davam edir
Hadisələrlə paralel olaraq, Rusiya ordusu cəbhə xəttində yavaş templə irəliləməkdə davam edir. Moskva ordusu bazar günü Cənubi Ukraynada iki kəndə nəzarəti ələ keçirdiyini açıqlayıb. Bu arada Ukrayna rəhbərliyi şərq istiqamətində yerləşən Pokrovsk şəhərini qorumağa çalışır.
