Rusiya 32 yaşayış məntəqəsini nəzarətə götürdüyünü bildirir
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ölkə Silahlı Qüvvələri iyul ayı ərzində xüsusi hərbi əməliyyat zonasında 32 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Nazirliyin məlumatına əsasən, həmin yaşayış məntəqələrinin:
- 12-si Xarkov vilayətində,
- 11-i Donetsk istiqamətində,
- 4-ü Sumı vilayətində,
- 3-ü Dnepropetrovsk vilayətində,
- 2-si isə Zaporojye vilayətində yerləşir.
Bundan əvvəl Rusiya tərəfi ilin ilk altı ayında ümumilikdə 128 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlamışdı.
21 mindən çox Ukrayna PUA-sının vurulduğu iddia edilir
Moskvanın məlumatına görə, iyul ayı ərzində Rusiya hava hücumundan müdafiə sistemləri 21 mindən çox Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Nazirlik bildirib ki, yalnız son gecə ərzində müxtəlif bölgələr, eləcə də Qara dəniz və Azov dənizi üzərində 274 PUA vurulub.
Rusiya tərəfinin açıqlamasına əsasən, ən intensiv hava hücumları iyulun 24 və 25-də qeydə alınıb. Həmin günlərdə müvafiq olaraq 937 və 1060 pilotsuz uçuş aparatının məhv edildiyi iddia olunur.

