Rusiya: ABŞ-ın Yeni Sanksiyaları İkitərəfli Münasibətləri Zədələdi

2 Dəq Oxuma Müddəti

Peskov: “Bu, dostcasına olmayan addımdır”

Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları “dostcasına olmayan” addım adlandırıb. Peskov “Rusiya-1” telekanalına müsahibəsində bildirib ki, bu qərar Moskva ilə Vaşinqton arasında münasibətlərin normallaşması ehtimalını ciddi şəkildə zəiflədir.

“Bu, dostluq niyyəti daşımayan bir addımdır. ABŞ-ın bu cür addımları ikitərəfli münasibətlərin yenidən canlanması ehtimalını faktiki olaraq məhv edir. Amma bu, bizim məqsədlərimizdən imtina etməyimiz demək deyil. Biz Rusiya üçün faydalı olanı etməyə davam edəcəyik,” – deyə Peskov qeyd edib.

“Rusiya öz maraqlarına əsaslanır”

Kreml sözçüsü bildirib ki, Rusiya siyasətində əsas meyar milli maraqlardır və bu mövqe dəyişməz qalacaq:
“ABŞ Prezidenti Donald Trampın bəzi fərqli yanaşmaları olsa da, biz diqqətimizi öz maraqlarımıza yönəltməliyik. Məqsədimiz – ABŞ daxil olmaqla bütün ölkələrlə sağlam və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaqdır,” – deyə o vurğulayıb.

Peskov, Qərbin Rusiyaya qarşı artan iqtisadi təzyiqlərinin ölkəni yolundan döndürməyəcəyini bildirib.

Ukrayna böhranı və Qərbin mövqeyi

Ukrayna münaqişəsinin həlli ilə bağlı prosesi şərh edən Peskov, danışıqlarda durğunluğun davam etdiyini söyləyib:
“Ukraynalılar müzakirə prosesində maraqlı görünmür. Avropalılar onları buna məcbur etməyə çalışırlar. Amma Avropa İttifaqının özündə də savaş isteriyası hökm sürür. Bu, danışıqlardakı durğunluğun əsas səbəbidir,” – deyə o qeyd edib.

Peskov həmçinin xəbərdarlıq edib ki, Qərbdə dondurulan Rusiya aktivlərinin müsadirə edilməsi cəhdlərinə qarşı Moskva bütün hüquqi imkanlardan istifadə edəcək.

Yeni sanksiyaların səbəbi

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 23 oktyabrda Rusiyanın iki iri enerji şirkəti – “Rosneft” və “Lukoyl”la onların törəmə qurumlarını sanksiya siyahısına əlavə edib. Nazirliyin açıqlamasına görə, bu qərar Rusiyanın Ukraynada davam edən müharibəni bitirmək üçün “barış prosesinə ciddi sadiqlik nümayiş etdirməməsi” səbəbindən qəbul olunub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş