RSF-dən sərt ittihamlar
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Azərbaycan Prezidenti İlham Əliyevi öz ölkəsində “mətbuat azadlığı yırtıcısı” kimi təqdim edib. Təşkilat bu siyahını Jurnalistlərə qarşı cinayətlərdə cəzasızlığın aradan qaldırılması üzrə Beynəlxalq Gün münasibətilə, 2 noyabr tarixində açıqlayıb.
RSF-nin siyahısında Gürcüstanın keçmiş Baş naziri və “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili, Rusiya Prezidenti Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenka, Serbiya Prezidenti Aleksandar Vuçiç, İranın ali rəhbəri Əli Xamenei, Macarıstanın Baş naziri Viktor Orban, həmçinin İsrail ordusu və texnologiya milyarderi İlon Mask da yer alıb.
Təşkilat bu şəxsləri və qurumları “ölkələrində jurnalistləri susdurmaq, medianı məhv etmək, informasiya axınını manipulyasiya etmək və azad sözə senzura tətbiq etməkdə” ittiham edib. RSF-nin bəyanatında bildirilir ki, “2025-ci ildə də media işçiləri daha müxtəlif və təhlükəli üsullarla hədəfə çevriliblər”.
“Media səhrası” ifadəsi
RSF-nin açıqlamasında qeyd olunur ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan “media səhrasına” çevrilib. Təşkilat bildirib ki, son illərdə ölkədə azı 26 jurnalist həbs edilib və onların bir qismi uzunmüddətli cəzalara məhkum olunub.
RSF-nin hesabatında xüsusilə “AbzasMedia” redaksiyasına qarşı aparılan əməliyyatlar vurğulanıb. Qeyd edilir ki, təşkilatın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı həbsi ilə başlayan proses sonradan “Meydan TV”, “Toplum TV” və “Kanal 13” kimi media platformalarının əməkdaşlarına da təsir edib.
Təşkilatın fikrincə, Azərbaycan hakimiyyəti ölkədə informasiya məkanını tam nəzarət altına alıb, müstəqil medianı isə sistemli şəkildə susdurur.
Azərbaycan 167-ci yerdə
RSF-nin 2025-ci il üçün hazırladığı Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 167-ci pillədə qərarlaşıb. Bu göstərici ölkədə mətbuat azadlığının vəziyyətinin ağır olaraq qaldığını göstərir.
Təşkilat bəyan edib ki, bu portretlərin Beynəlxalq Gün münasibətilə dərc olunması cəzasızlığın qaçılmaz olmadığını və beynəlxalq ictimaiyyətin diqqətini jurnalistlərə qarşı təzyiqlərə yönəltmək məqsədi daşıyır.
