Rejim dəyişdi, repressiya dəyişmədi
“Reuters” agentliyinin yayımladığı geniş araşdırma Suriyada hakimiyyət dəyişikliyindən sonra gözlənilən demokratikləşmənin baş vermədiyini üzə çıxarır. Agentliyin məlumatına görə, Bəşər Əsəd rejiminin süqutundan dərhal sonra ölkədə yeni, lakin mahiyyətcə köhnə repressiya dalğası başlayıb və bu proses bu gün də davam edir.
2024-cü ilin dekabrında müxalif qüvvələrin keçmiş rejimə məxsus həbsxanaların qapılarını açması illərlə yaxınlarından xəbər ala bilməyən minlərlə insan üçün ümid işığı olmuşdu. Lakin eyni vaxtda hərbi hissələrini tərk etmiş minlərlə əsgər və zabit yeni hakimiyyətə bağlı silahlı dəstələr tərəfindən saxlanılıb və azadlıq gözləntiləri puça çıxıb.
Dalğa-dalğa kütləvi həbslər
Reuters yazır ki, həbslərin ikinci böyük dalğası qışın ortalarında başlayıb. Bu mərhələdə Suriyanın müxtəlif bölgələrindən yüzlərlə ələvi mənsubiyyətli şəxs, əsasən də kişilər saxlanılıb. Mart ayında sahil bölgəsində baş verən qısa üsyan və onlarla təhlükəsizlik əməkdaşının ölümü vəziyyəti daha da gərginləşdirib.
Bunun ardınca həyata keçirilən qisas xarakterli əməliyyatlar zamanı təxminən 1500 ələvinin öldürüldüyü bildirilir. Agentlik vurğulayır ki, bu hadisələrdən sonra həbslərin intensivliyi daha da artıb və proses hələ də davam edir.
Yay aylarında isə növbəti həbslər dalğası ölkənin cənubunda, druz azlığının yaşadığı ərazilərdə qeydə alınıb. Reuters-in məlumatına görə, məzhəb zəminində baş verən zorakılıqlar zamanı yüzlərlə insan həyatını itirib, hökumət qüvvələri isə yerində edamlar və digər ağır pozuntularda ittiham olunur.
İttihamsız saxlanılan yüzlərlə insan
Araşdırma göstərir ki, Əsəd dövründə on minlərlə məhbusun saxlanıldığı həbsxana və təcridxanalar bu gün də doludur. Fərq ondadır ki, indi həmin məkanlarda prezident Əhməd əş-Şaraanın tabeliyində olan təhlükəsizlik qüvvələrinin saxladığı şəxslər yerləşdirilir və onların əksəriyyətinə rəsmi ittiham irəli sürülmür.
Reuters azı 829 nəfərin rejim devrildikdən sonra “təhlükəsizlik səbəbi” ilə həbs edildiyini sənədləşdirib. Bu məlumat keçmiş məhbuslar, hazırda saxlanılanların ailə üzvləri və 7 saxlanma mərkəzinə edilən ailə ziyarətlərinin siyahıları əsasında toplanıb. Agentlik real rəqəmin xeyli yüksək olduğunu bildirir.
Köhnə üsullar, yeni adlar
Onlarla müsahibə göstərir ki, suriyalıların Əsədin devrilməsi ilə bitəcəyini düşündüyü bir çox qanunsuz praktika geri qayıdıb. İttihamsız həbslər, rəsmi sənədlər olmadan saxlanma, fiziki zorakılıq, işgəncə halları, hətta həbsdə ölən şəxslərin qeydə alınmaması faktları yenidən gündəmdədir.
Reuters 14 ailənin ifadəsinə əsaslanaraq yazır ki, bəzi məhbusların azadlığa buraxılması üçün pul tələb olunur. Özünü həbsxana mühafizəçisi və ya vasitəçi kimi təqdim edən şəxslər ailələri şantaj edir.
Hakimiyyətin cavabı inandırıcı olmadı
Suriya İnformasiya Nazirliyi Reuters-in suallarına cavabında bildirib ki, Əsəd dövründə törədilən cinayətlərin miqyası böyük olduğundan həbslər qaçılmazdır. Nazirlik həm keçmiş rejim cinayətlərini, həm də yeni təhlükəsizlik təhdidlərini əsas gətirib.
Bununla belə, hökumət il ərzində azadlığa buraxılanların sayının hazırda saxlanılanlardan çox olduğunu iddia etsə də, bunu təsdiqləyən heç bir rəsmi statistika təqdim etməyib.
Araşdırma nəticəsində ən azı 28 keçmiş Əsəd həbsxanası və saxlanma mərkəzinin yenidən fəaliyyətə başladığı müəyyən edilib. Məhbuslar və onların ailələri kəskin sıxlıqdan, qida çatışmazlığından, gigiyena problemlərindən və xəstəliklərin yayılmasından şikayətlənirlər. Reuters azı 11 nəfərin həbsdə öldüyünü, bəzilərinin ailələrinin bunu yalnız dəfn edildikdən sonra öyrəndiyini təsdiqləyib.
