Real Sociedad qələbəsi qırmızı kartla kölgələndi
La Liqanın 4-cü turunda Xabi Alonsonun rəhbərlik etdiyi Real Madrid səfərdə Real Sociedad üzərində 2:1 hesablı qələbə qazandı. Lakin bu nəticənin sevincini Dean Huijsenin gördüyü mübahisəli qırmızı kart kölgədə qoydu.
32-ci dəqiqədə Sociedad kapitanı Mikel Oyarzaballa yanaşı sprint atan Huijsen, rəqibinə çiyinlə yüngül toxunuş etdi. Top tam nəzarətdə deyildi, lakin Oyarzabal yerə yıxıldı və baş hakim Xesus Gil Manzano tərəddüdsüz şəkildə qırmızı vərəqə göstərdi. Qərar “açıq qol imkanının qarşısını alma” kimi dəyərləndirilsə də, Madrid klubunun rəhbərliyi və azarkeşləri bu yanaşmaya sərt etiraz etdilər.
Xabi Alonsonun sərt reaksiyası
Gənc baş məşqçi Xabi Alonso epizoda kəskin etiraz edərək sarı vərəqə ilə cəzalandırıldı. Matçdan sonra mətbuat konfransında isə mövqeyini açıq şəkildə ifadə etdi:
“Mənə görə bu vəziyyət sarı kartlıq idi. Militao yaxın idi, top tam nəzarətdə deyildi və qapıya hələ 40 metr məsafə vardı. Hakim başqa cür şərh etdi, lakin VAR fərqli yanaşmalı idi. Epizodu yenidən izlədim və fikrim dəyişmədi.”
Sosial mediada yayılan kadrlarda Alonso ilə hakimin dialoqu da diqqət çəkdi. İspan mütəxəssis Manzanoya belə deyib: “Məni pis düşünməyə vadar edirsən. Militaonu görmədinmi? O, epizodun beş metrliyində idi. Bu məsələ Texniki Komitəyə və video təhlilə gedəcək.”
Real Madriddən FIFA addımı
Madrid klubu artıq bu qərarla bağlı rəsmi addım atmağa hazırlaşır. Klubun rəsmi media orqanı Real Madrid TV açıqlama yayaraq, yalnız bu mövsüm deyil, ötən mövsümdən bəri bütün mübahisəli hakim səhvlərinin toplanacağı geniş hesabat hazırlandığını bildirdi.
Açıqlamada qeyd olunub:
“Real Madrid, La Liqanın ilk dörd turunda yaşananlarla yanaşı, ötən mövsümdəki bütün hakim səhvlərini də əhatə edən bir hesabat hazırlayır. Bu sənəd FIFA-ya təqdim ediləcək və İspaniyada hakim idarəçiliyindəki vəziyyətin beynəlxalq səviyyədə diqqətə alınması təmin olunacaq.”
Madridin hakimlərlə uzunmüddətli narazılığı
Xatırladaq ki, ötən mövsüm də sabiq baş məşqçi Karlo Ançelotti mütəmadi olaraq hakim qərarlarını gündəmə gətirirdi. Onun ayrılığından sonra da eyni narazılıqlar davam edir və yeni baş məşqçi Xabi Alonso da oxşar problemlərlə üz-üzə qalıb. Real Madridin FIFA-ya müraciəti bu gərginliyin daha da böyüyəcəyindən xəbər verir.