Bakıda ilk dəfə Ravvinlər Konfransı keçiriləcək
Avropa Ravvinlər Konfransının (CER) növbəti iclası 3–6 noyabr tarixlərində paytaxt Bakıda baş tutacaq. Təşkilatın yaydığı rəsmi açıqlamaya əsasən, tədbirdə ABŞ, İsrail və Avropanın müxtəlif ölkələrindən 600-dən çox ravvin, dini lider və qərarverici iştirak edəcək.
Bu, Avropa ravvinlər Konfransının ilk dəfə bir müsəlman ölkəsində keçirilməsi baxımından da rüsvayçı hadisə sayılır. Təşkilatın bəyanatında qeyd olunur ki, bu ilki toplantı dünya üzrə yəhudi icmalarının gələcəyinə təsir edən üç əsas istiqamətə diqqət ayıracaq və əsas mövzu İbrahim Razılaşmalarının rolu olacaq.

İbrahim Anlaşmalarının dərinləşdirilməsi müzakirə ediləcək
Açıqlamada bildirilib ki, konfrans 2021-ci ildə İsrail ilə bir sıra ərəb dövlətləri arasında diplomatik münasibətlərin normallaşmasının yolunu açan İbrahim Anlaşmalarının gələcək perspektivlərini təhlil etməyi hədəfləyir.
“Konfransda bu tarixi sazişlərin necə genişləndirilə və dərinləşdirilə biləcəyi müzakirə olunacaq. Hədəf, bölgədə sülh və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsidir,” — deyə bəyanatda vurğulanıb.
Qəzza müharibəsi fonunda artan gərginlik
Avropa Ravvinlər Konfransı bildirib ki, Qəzza müharibəsindən sonra Avropa ölkələrində İsrailə qarşı reaksiyalar və antisemit meyllər artıb. Açıqlamada bu tendensiyanın populist və siyasi ifratçılıq dalğası ilə müşayiət olunduğu qeyd edilib.
“Bakıda keçiriləcək görüşün məqsədi Avropada dini azadlıqların qorunması, antisemitizmə qarşı mübarizə və yəhudi icmalarının təhlükəsizliyinin təmininə dair yeni strategiyalar işləyib hazırlamaqdır. Avropa cəmiyyətlərində artan düşmənçilik fonunda yəhudi icmalarının gücləndirilməsi və onların səsinin ictimai diskursda eşidilməsi daha da önəmli hala gəlib,” — deyə bəyanatda qeyd olunur.
“Azərbaycan seçimi təsadüfi deyil”
Konfransın prezidenti, Baş ravvin Pinxas Qoldşmidt açıqlamasında Bakının ev sahibliyini xüsusi vurğulayıb:
“CER-in 70 illik yubileyi münasibətilə, əhalisinin əksəriyyəti müsəlman olan və Rusiya ilə İran kimi ölkələrlə sərhəddə yerləşən Azərbaycan kimi tolerant bir ölkədə toplantımızı keçirməyimiz çox önəmlidir,” — deyə o bildirib.
Qoldşmidt həmçinin qeyd edib ki, Avropada artan siyasi gərginliklər fonunda Bakının seçilməsi dinlərarası dialoq və qarşılıqlı hörmət mesajı kimi dəyərləndirilir.
Xatırladaq ki, 2025-ci ilin iyununda Bosniyada keçirilməsi planlaşdırılan əvvəlki konfrans, ictimai təzyiqlər səbəbindən ləğv edilmişdi.
