Son hücumlarda 14 fələstinli şəhid oldu
İsrailin Qəzzaya yönəltdiyi son hücumlarda daha 14 fələstinli həyatını itirib, bir çoxu isə yaralanıb. Qəzzanın müxtəlif bölgələrinə edilən hava zərbələri və artilleriya atəşləri nəticəsində yaşayış binaları yerlə-yeksan edilib.
Nuseyratdakı Əl-Avda xəstəxanası son saatlarda İsrail ordusunun yardım nöqtəsini hədəf alması nəticəsində 6 şəhid və 10 yaralı qəbul edib. Həmin hücum Qəzzanın mərkəzində, Vadi Qəzzanın cənubunda baş verib.
Məscid ətrafına hücum
Məlumata görə, Deyr əl-Bəlahda köhnə məscid ətrafına edilən hava hücumunda bir fələstinli həlak olub, bir neçə nəfər isə yaralanıb.
Cənub bölgəsində, Xan Yunisin Mavasi ərazisində isə İsrailin çadır düşərgəsini bombalaması nəticəsində iki fələstinli həyatını itirib.
Qəzzaya qarşı intensiv bombardman
Qəzzanın qərbində yerləşən Əl-Şati düşərgəsində artilleriya atəşi nəticəsində bir neçə nəfər yaralanıb. İsrail ordusu, həmçinin, şəhərin şimalında bir sıra yaşayış evlərini partladıb.
Səhər saatlarında Qəzzanın Cəlalə küçəsinə edilən hava zərbəsində isə 6 nəfərin yaralandığı açıqlanıb.
Evlerin partladılması üçün zirehli texnika istifadə edilib
Məlumatlara görə, İsrail ordusu Cənubi Təl əl-Həva bölgəsində partlayıcı yüklü iki zirehli texnikanı işə salaraq bir neçə yaşayış evini məhv edib.
Ümumi itkilər artır
Son hücumlarla birlikdə İsrailin 7 oktyabr 2023-dən bəri davam edən hücumlarında şəhidlərin ümumi sayı 65 min 141 nəfərə, yaralıların sayı isə 165 min 925 nəfərə yüksəlib.