İsrailin hədəfi sağlamlıq infrastrukturu olub
8 oktyabr 2023-dən bəri Qəzza Zolağında soyqırım hücumları həyata keçirən sionist rejimin ordusu, sağlamlıq sistemini məqsədli şəkildə hədəfə almışdı. Sakitlik dövrünün başlaması ilə bu hücumların miqyası aydın görünməyə başladı. Son məlumatlara görə, İsrailin intensiv bombardmanları nəticəsində 38 xəstəxana tamamilə dağıdılıb və fəaliyyətini dayandırıb.
Ateşkəsin qüvvəyə minməsindən sonra ordunun çəkildiyi bölgələrdə xəstəxanaların içərisində və ətrafında baş vermiş dağıntılar kameralara yansıyıb.
Türkiyə-Fələstin Dostluq Xəstəxanası yerlə-yeksan edilib
Dağıdılmış tibb müəssisələri arasında 2011–2017-ci illərdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən inşa edilən Türkiyə-Fələstin Dostluq Xəstəxanası da var. Qəzza Zolağını şimaldan cənuba ayıran Netzarim Korridoru üzərində yerləşən bu xəstəxana, bölgədəki yeganə onkologiya mərkəzi idi.
İsrail ordusu tərəfindən hərbi baza kimi istifadə edilən xəstəxana 21 mart 2025-də “hərbi məqsədlərlə istifadə olunduğu” bəhanəsi ilə partladılaraq tamamilə dağıdılıb. Çəkilmiş görüntülər bu mühüm tibb mərkəzinin xarabalığa çevrildiyini göstərir.
Uşaq xəstəxanası da hədəfdən yayınmayıb
İsrail qüvvələrinin Qəzza şəhərindən geri çəkilməsi ilə Rantisi Uşaq Xəstəxanasında qalan dağıntılar da üzə çıxıb. Bu xəstəxana Qəzzada onkoloji, dializ, tənəffüs və həzm sistemi xəstəlikləri üzrə ixtisaslaşan yeganə tibb müəssisəsi idi.
İsrailin Qəzza şəhərindəki fələstinliləri cənuba köçürmək məqsədilə həyata keçirdiyi hücumlarda xəstəxana binası ilə yanaşı, onun ətrafındakı çadır və mülki obyektlər də ciddi zərər görüb. Rantisi Uşaq Xəstəxanası sonuncu dəfə 17 sentyabr 2025-də İsrail aviazərbələrinin hədəfinə çevrilmişdi.
Atəşkəs və əsir mübadiləsi planı
9 oktyabrda ABŞ Prezidenti Donald Tramp Misirdə aparılan danışıqlarda İsrail və Həmasın Qəzzada atəşkəsin ilk mərhələsinə razılıq verdiyini açıqlamışdı. Müqavilə 10 oktyabrda İsrail hökumətinin təsdiqindən sonra qüvvəyə minib.
Razılaşmaya əsasən, İsrail ordusu “sarı xətt” adlanan bölgəyə çəkilib və həmin gün saat 12:00-dan etibarən Qəzza Zolağında atəşkəs elan edilib.
İsrailin 8 oktyabr 2023-dən atəşkəsin qüvvəyə mindiyi tarixə qədər həyata keçirdiyi hücumlar nəticəsində azı 67 min 682 nəfər həlak olub, 170 min 33 nəfər isə yaralanıb.