Sabiq əmir 74 yaşında vəfat etdi
Qətərin sabiq əmiri Şeyx Həməd bin Xəlifə Al Sani 74 yaşında vəfat edib.
Qətər Əmirlik Divanının yaydığı açıqlamada bildirilib ki, ölkənin modernləşmə prosesinə rəhbərlik etmiş əsas simalardan biri hesab olunan Şeyx Həməd bin Xəlifə Al Sani bazar günü dünyasını dəyişib.
Bəyanatda qeyd olunub:
“Uca Allahın qəzavü-qədərinə iman edərək, mərhum atamız Əmir Həzrətləri Şeyx Həməd bin Xəlifə Al Saninin vəfatı ilə əlaqədar ölkəmizin üzləşdiyi böyük itkini dərin kədərlə qarşılayırıq.”
Ölkədə dörd günlük matəm elan edildi
Şeyx Həməd bin Xəlifə Al Saninin vəfatından sonra Qətərdə dörd günlük rəsmi matəm elan olunub.
Qərara əsasən, 13 iyul tarixindən etibarən nazirliklər, dövlət qurumları və dövlətə məxsus bütün müəssisələrdə fəaliyyət dayandırılacaq. İşçilər 19 iyul tarixində öz vəzifələrinin icrasına qayıdacaqlar.
Matəm müddətində ölkə üzrə bütün dövlət bayraqları yarıyadək endiriləcək.
2013-cü ildə hakimiyyəti oğluna təhvil vermişdi
Şeyx Həməd bin Xəlifə Al Sani 2013-cü ildə Körfəz monarxiyalarında nadir rast gəlinən qərar qəbul edərək hakimiyyəti öz istəyi ilə oğlu Şeyx Təmim bin Həməd Al Saniyə təhvil vermişdi.
Həmin vaxt 33 yaşı olan Şeyx Təmim bin Həməd Al Sani Qətərin yeni əmiri olmuşdu.
Şeyx Həməd aktiv dövlət idarəçiliyindən uzaqlaşsa da, ölkənin inkişaf strategiyasının əsas müəlliflərindən biri kimi qəbul olunurdu. O, Qətərin ev sahibliyi etdiyi 2022-ci il FIFA Dünya Kubokunun açılış mərasimində iştirak etmiş və tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdı. Ərəb mətbuatında o, turnirin keçirilməsinə imkan yaradan uzunmüddətli inkişaf strategiyasının memarlarından biri kimi qiymətləndirilirdi.
Dəfn mərasiminin vaxtı açıqlanıb
Şeyx Həməd bin Xəlifə Al Sani ilə vida mərasimi axşam namazından sonra Dohadakı İmam Məhəmməd bin Əbdülvahhab məscidində keçiriləcək. Onun nəşi isə Lusail qəbiristanlığında dəfn olunacaq.
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Saninin 13, 14 və 15 iyul tarixlərində Lusail sarayında dövlət başçılarının, Al Sani ailəsinin üzvlərinin, yüksəkrütbəli rəsmilərin və vətəndaşların başsağlığı müraciətlərini qəbul edəcəyi bildirilib. Başsağlığı mərasimləri səhər saat 08:00-dan 11:30-dək, həmçinin ikindi namazından yatsı namazınadək davam edəcək.

