Quterreş: Qəzzada hərbi cinayət ehtimalı güclənir
BMT Baş katibi Antoniu Quterreş Nyu-Yorkda keçirilən “Reuters Next” konfransında çıxış edərək Qəzzadakı humanitar vəziyyətin kritik həddə çatdığını bildirib. O, Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qərarının dərhal icra edilməli olduğunu vurğulayıb və “Qəzzada hərbi cinayətlərin törədildiyinə inanmaq üçün çox ciddi əsasların olduğunu” qeyd edib.
Quterreş atəşkəsin davamlı olması üçün beynəlxalq səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb. O, həmçinin humanitar yardımın qarşısını alan maneələrin aradan qaldırılmasında ABŞ-ın “əhəmiyyətli rol oynadığını” söyləyib.
Təhlükəsizlik Şurasının Qəzza qətnaməsi
BMT rəhbəri xatırladıb ki, 18 noyabrda BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən irəli sürülən və ABŞ prezidenti Donald Trampın Qəzza planını dəstəkləyən qətnaməni qəbul edib. Qətnamə beynəlxalq qüvvələrin yerləşdirilməsi və Fələstin müqavimətinin tərksilahını nəzərdə tutur.
Səsvermədə 15 üzvdən 13-ü qərarın lehinə səs verib, Rusiya və Çin bitərəf qalıb və veto hüququndan istifadə etməyib.
Rusiya–Ukrayna müharibəsi: “Həll hələ uzaqdadır”
Antoniu Quterreş çıxışında Rusiya–Ukrayna müharibəsinə də toxunaraq, münaqişənin yalnız beynəlxalq hüquqa uyğun şəkildə sonlandırıla biləcəyini deyib. Bununla belə, o, “hələlik real həll perspektivinin görünmədiyini” bildirib.
ABŞ-ın Venesuela yaxınındakı hücumları: “Hüquqa uyğun deyil”
BMT Baş katibi ABŞ-ın son həftələrdə Karib dənizində, Venesuela sahilləri yaxınlığında gəmilərə endirdiyi zərbələri şərh edərək onların “beynəlxalq hüquqa uyğun olmadığını” vurğulayıb.
ABŞ bu hücumları “narkotik qaçaqmalçılığına qarşı əməliyyat” kimi təqdim etsə də, Quterreş bunun legitimliyinə ciddi şübhə olduğunu açıq şəkildə ifadə edib.
Son günlər ABŞ ordusunun bölgədə bir neçə qayığı və gəmını hədəf alması Karib hövzəsində gərginliyi daha da artırıb.
