Qoşulmama Hərəkatı Venesuelaya dəstək bəyanatı yaydı
Qoşulmama Hərəkatına (NAM) üzv ölkələrin Xarici İşlər Nazirləri 15–16 oktyabr 2025-ci il tarixlərində Uqandanın paytaxtı Kampalada keçirilən 19-cu nazirlər konfransında Venesuela ilə həmrəylik nümayiş etdiriblər. Onlar Karib dənizi regionunda artan gərginliklə bağlı dərin narahatlıqlarını ifadə ediblər və Venesuela Bolivar Respublikasına qarşı yönələn hər hansı xarici təhdidə qarşı çıxıblar.
Nazirlər birgə bəyanatda bildiriblər ki, regiondakı vəziyyətin pisləşməsi, bölgə xaricindən hərbi qüvvələrin və texniki resursların cəlb edilməsi, eləcə də aqressiv ritorika sülhə birbaşa təhlükə yaradır.
“BMT Nizamnaməsinə sadiqlik əsas prinsip olmalıdır”
Toplantı iştirakçıları 10 oktyabr 2025-ci ildə BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrə istinad edərək, beynəlxalq hüquq və BMT Nizamnaməsinin prinsiplərinə əməl etməyin vacibliyini vurğulayıblar. Hərəkat üzvləri problemlərin yalnız dialoq və diplomatiya yolu ilə, qarşılıqlı hörmət və həmrəylik ruhunda həll edilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Nazirlər xəbərdarlıq ediblər ki, Venesuelaya qarşı hər hansı silahlı təcavüz və ya hərbi eskalasiya Latın Amerikası və Karib hövzəsində sabitliyi sarsıdacaq və regionun “sülh zonası” statusunu təhlükə altına alacaq.
“Venesuela özünü müdafiə etmək hüququna malikdir”
Qoşulmama Hərəkatı nümayəndələri dövlətlərin suverenliyi, ərazi bütövlüyü və bərabərliyi prinsipini bir daha təsdiqləyiblər. Bəyanatda qeyd olunur ki, Venesuela beynəlxalq hüquqa uyğun olaraq öz müdafiəsini təmin etmək hüququna və xalqı isə sülh və azadlıq şəraitində yaşamaq haqqına malikdir.
Venesuela naziri Kampalada fəal diplomatik görüşlər keçirib
Venesuela Xarici İşlər Naziri İvan Gil konfrans çərçivəsində İran, Kuba və Əlcəzairin xarici işlər nazirləri ilə bir sıra ikitərəfli görüşlər keçirib. Bu görüşlərdə tərəflər Qoşulmama Hərəkatının gücləndirilməsi və beynəlxalq çoxtərəfliliyin qorunmasının vacibliyini vurğulayıblar.
İvan Gil və İranın xarici işlər naziri Abbas Əraqçi “qlobal cənubun” maraqlarını müdafiə etmək üçün birgə əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər. Hər iki tərəf müstəmləkəçilik və imperializmin bütün formalarının rədd edilməsini bəyan edərək, Qoşulmama Hərəkatını “həqiqi çoxtərəfliliyin dayağı” adlandırıblar.
Kuba və Əlcəzairlə strateji əməkdaşlıq
Kuba xarici işlər naziri Bruno Rodrigezlə görüşdə İvan Gil Karib dənizi regionunda ABŞ-ın hərbi genişlənməsini pisləyən Kubanın prinsipial mövqeyinə görə təşəkkür edib. O, həmçinin bölgə xalqlarına qarşı tətbiq olunan birtərəfli sanksiya və blokadaları qınayıb.
Əlcəzairin xarici işlər naziri Əhməd Attafla keçirilən görüşdə isə tərəflər strateji tərəfdaşlığın və çoxqütblü, ədalətli dünya nizamının qurulması istiqamətində birgə fəaliyyətin zəruriliyini vurğulayıblar.