Qış Qəzzada Sakinlərin Vəziyyətini Daha da Ağırlaşdırır

Qəzzada qış köçkünlərin iztirabını artırır

Qəzza zolağında davam edən ağır humanitar böhran qış aylarının gəlişi ilə daha da kəskinləşib. Müharibə nəticəsində evlərini itirmiş minlərlə fələstinli ailə hazırda çadırlarda yaşamağa məcbur qalıb. Qış mövsümünün gətirdiyi güclü yağışlar və küləklər isə bu ailələrin gündəlik həyatını demək olar ki, mümkünsüz hala salıb.

Rusiya mətbuatına istinadən yayılan məlumatlarda bildirilir ki, qışın dəyişkən hava şəraiti minlərlə köçkün ailənin vəziyyətini ağırlaşdırıb. Köhnə və yararsız çadırlar güclü külək və leysan yağışlara tab gətirmir, nəticədə onlarla ailə son sığınacaqlarını da itirir və yenidən təhlükəsiz yer axtarışına çıxmaq məcburiyyətində qalır.

“Uşaqlar soyuqdan və aclıqdan əziyyət çəkir”

Özünü “Ümm Səlim” kimi təqdim edən fələstinli qadın bildirib ki, bir çadırda 20-dən çox insan yaşayır. Onların arasında müharibədə valideynlərini itirmiş 17 yetim uşaq var. Qadının sözlərinə görə, çadır nə yağışdan, nə də soyuqdan qoruyur: “Bütün yorğan-döşək su içindədir. Uşaqlar üşüyür, ac qalır, ən böyüyünün yaşı 14-dən yuxarı deyil. Burada hər şeyə dözmək məcburiyyətindəyik”.

O əlavə edib ki, qida çatışmazlığı ailə üçün ən ağır problemlərdən biridir. Bəzən yemək qalmadıqda uşaqları sakitləşdirmək üçün su dolu qazanı ocağa qoyaraq guya yemək bişirdiyini göstərir ki, uşaqlar aclıq hissi ilə yuxuya getsinlər.

Yağışlar çadırları su altında qoyur

Digər köçkünlər də vəziyyətin çıxılmaz olduğunu deyir. Nadya Mahmud adlı qadın bildirib ki, saatlarla çadırın içindən su çıxarmağa çalışır və çadırın küləyə davam gətirməsi üçün dağıntılar arasından tapdığı dəmir parçalarından istifadə edir. Onun sözlərinə görə, müharibə insanları tükəndirib, qış isə qalan gücü də əlindən alıb.

Ramzi Cəmil adlı köçkün isə bildirib ki, yağış çadırı və içindəki bütün əşyaları yararsız hala salıb. O, artıq böyük arzularının olmadığını, sadəcə uşaqlarını soyuqdan qorumaq üçün əlavə örtüyə və bir neçə yorğana ehtiyac duyduğunu deyib.

On minlərlə ailə qışdan zərər çəkib

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi daha əvvəl açıqlayıb ki, Qəzza zolağında son yağışlar nəticəsində təxminən 55 min ailə zərər görüb. Onların bir çoxunun sığınacaqları və əmlakı ciddi ziyan alıb və ya tamamilə məhv olub.

Tibb təşkilatları isə köçkünlər arasında yoluxucu xəstəliklərin, xüsusilə vəba və poliomielitin yayılması təhlükəsi barədə xəbərdarlıq edir. “Sərhədsiz Həkimlər” təşkilatı Qəzzada tənəffüs yolları xəstəliklərinə yoluxma hallarının artdığını və qış boyu bu göstəricilərin yüksələcəyini bildirib.

Rəsmi məlumatlara görə, Qəzza zolağında təxminən 1,5 milyon fələstinli ağır humanitar şəraitdə yaşayır. Həyat üçün zəruri vasitələrin çatışmazlığı, yardımın məhdudluğu və davam edən blokada bölgədə vəziyyəti getdikcə daha da faciəvi edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş