Haredilərin hərbi xidmətdən azad edilməsi böhran yaradır
Sionist rejimdə haredi yəhudilərinin hərbi xidmətdən azad olunmasının uzadılması məsələsi 2023-cü ilin əvvəlində Benyamin Netanyahunun ifrat sağçı hökuməti hakimiyyətə gəldikdən sonra ən mübahisəli mövzulardan birinə çevrilib. Bu məsələ işğal olunmuş ərazilərdə siyasi qarşıdurmaları daha da dərinləşdirib, cəmiyyətdə sosial parçalanmanı gücləndirib.
Hazırda “Likud” Partiyasının deputatı Boaz Bismut tərəfindən hazırlanmış, gənc haredi kişilərin hərbi xidmətdən azad edilməsinin uzadılmasını nəzərdə tutan qanun layihəsi Knessetin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsində müzakirə olunur. Gözlənilir ki, sənəd yaxın vaxtlarda ikinci və üçüncü oxunuş üçün parlamentin plenar iclasına çıxarılsın.
İqtisadi qurumların sərt etirazı
Qanun layihəsi yalnız qeyri-haredi yəhudilər arasında ayrı-seçkiliyin rəsmiləşdirilməsi kimi qiymətləndirildiyi üçün etiraz doğurmur, eyni zamanda sionist rejimin iqtisadi qurumlarının da ciddi narazılığına səbəb olub. Sionist rejim Demokratiya İnstitutunun dekabr ayının əvvəlində yaydığı hesabatda bildirilir ki, işğal olunmuş ərazilərdə haredilərin sayı təxminən 1,5 milyon nəfərdir və bu, ümumi əhalinin 14,3 faizini təşkil edir.
Hesabata əsasən, haredilərin 57 faizi 19 yaşdan aşağıdır və bu qrup işğalçı cəmiyyətin ən gənc demoqrafik təbəqəsi hesab olunur. Lakin əsas problem ondadır ki, sionist rejimi bu gənclərin nə iqtisadi istehsalda, nə də hərbi sahədə roluna arxalana bilir. Çünki onların böyük əksəriyyəti dini məktəblərdə – yeşivalarda təhsil alır, işləmək əvəzinə hökumətdən aylıq maliyyə yardımı alır və hərbi xidmətdən tam azaddır.
Yeşiva tələbələrinin artımı, əsgər sayının sabit qalması
Yeni yayımlanan statistikaya görə, 2013–2023-cü illər arasında dini məktəblərdə təhsil alan tələbələrin sayı hər il orta hesabla 6 faizdən çox artaraq 93 min nəfərdən 170 min nəfərə yüksəlib. Buna baxmayaraq, sionist rejim ordusunda xidmət edən haredilərin sayı demək olar ki, dəyişməz qalıb.
Hərbi xidmətdən azadolma haqqında əvvəlki qanunun müddəti başa çatdıqdan sonra Netanyahunun koalisiyasında yer alan haredi partiyalar bu imtiyazın uzadılması üçün baş nazirə ciddi təzyiq göstəriblər. Nəticədə Bismutun qanun layihəsi gündəmə gətirilib. Halbuki haredi gənclərin orduya çağırılmaması ehtiyat qüvvələrin üzərinə əlavə yük deməkdir. Bu isə Netanyahunun son iki ildə müharibələrin davam etdirilməsinə əsaslanan siyasəti fonunda ordunun canlı qüvvəyə olan ehtiyacını daha da artırır.
Ehtiyat qüvvələr və büdcə gərginliyi
Netanyahu haredi partiyalarının dəstəyini itirməmək və koalisiyanın dağılmasının qarşısını almaq üçün Müdafiə Nazirliyi vasitəsilə gələn il də 60 min ehtiyat hərbçinin xidmətdə saxlanılacağını açıqlayıb. Lakin bu qərar Maliyyə Nazirliyinin etirazı ilə qarşılanıb. Çünki bu qədər ehtiyat qüvvənin saxlanılması 2026-cı il üçün büdcə kəsirini azaltmağı planlaşdıran maliyyə naziri Betsalel Smotriçin strategiyasına ziddir.
Aparılan danışıqlardan sonra ehtiyat qüvvələrin sayı 40 min nəfərə endirilib. Sionist rejim mediasının məlumatına görə, ordu rəhbərliyi bu sayın kifayət etmədiyini qəbul etsə də, Netanyahuyla və müdafiə naziri ilə yeni qarşıdurmaya getmək istəmir.
3 milyard dollarlıq iqtisadi itki
Bütün qənaət tədbirlərinə baxmayaraq, 40 min ehtiyat hərbçinin xidmətə cəlb olunması İsrail vergi ödəyicilərinə təxminən 6 milyard dollara başa gələcək. Maliyyə strukturlarının təhlili göstərir ki, ordunun əsas yükünü daşıyan qeyri-haredi yəhudilər eyni zamanda dövlətin əsas vergi mənbəyidir. Halbuki məcburi hərbi xidmət batalyonlarının xərci ehtiyat qüvvələrlə müqayisədə demək olar ki, iki dəfə azdır.
Bu kontekstdə Maliyyə Nazirliyinin büdcə şöbəsi haredilərin azad olunması ilə bağlı qanun layihəsinin İsrail iqtisadiyyatı üçün illik on milyardlarla şekel həcmində mənfi təsir göstərəcəyini və uzunmüddətli zərərlərə yol açacağını bildirib.
İsrail Mərkəzi Bankı da qanuna qarşı çıxaraq qeyd edib ki, hər il təxminən 7 500 haredi gəncin hərbi xidmətə cəlb edilməsi iqtisadi itkiləri azı 9 milyard şekel, yəni təxminən 3 milyard dollar azaltmağa imkan verər. Bankın hesablamalarına görə, bir ehtiyat hərbçinin aylıq iqtisadi dəyəri 38 min şekel təşkil edir, halbuki haredi gəncin hərbi xidmətə qatılması aylıq 22 min şekel iqtisadi fayda verə bilər.
Netanyahu koalisiyanı qorumağa çalışır
Bütün bu maliyyə itkilərinə, ordu daxilində kadr böhranına və qeyri-haredi əhali üzərinə düşən əlavə yükə baxmayaraq, Netanyahu koalisiya hökumətini qorumaq naminə qanun layihəsini irəli aparmaqda israrlıdır. Çünki layihənin qəbul edilməməsi haredi partiyaların koalisiyadan çıxmasına və nəticə etibarilə Netanyahunun hökumətinin süqutuna gətirib çıxara bilər.
