Netanyahu əfv müraciətindən sonra məhkəmə qarşısında
“İsrail” rejiminin baş naziri Benyamin Netanyahu davam edən korrupsiya məhkəməsində əfv istəyini prezidentə təqdim etdikdən sonra ilk dəfə hakimlərin qarşısına çıxıb. İsrailin 12-ci Kanalının məlumatına görə, bazar ertəsi keçirilən prosesdə hakimlər əfv müraciətinə toxunmayıb və onu gündəliyə salmayıblar.
Netanyahu diplomatik və təhlükəsizlik qrafiki ilə əlaqədar olaraq növbəti gün üçün nəzərdə tutulan məhkəmə iclasına qatılmamaq barədə ərizə təqdim edib. Hakimlər bu müraciəti nəzərdən keçirəcəklərini bildiriblər. Baş nazir son aylarda tez-tez məhkəmə proseslərinin “İsrailin” iki ildir Qəzza zolağında apardığı müharibənin idarə edilməsinə mane olduğunu iddia edərək iclasların qısaldılması və ya ləğvini tələb edib.
Məhkəmə önündə etirazlar
Təl-Əvivdəki məhkəmənin qarşısında etiraz aksiyaları keçirilib. Bəzi nümayişçilər narıncı rəngli, həbsxana geyimini xatırladan kombinezonlarda Netanyahu üçün həbs tələbi səsləndiriblər. Aksiya iştirakçıları onun əfv istəyini “günahı qəbul etmədən məsuliyyətdən qaçmaq” kimi qiymətləndiriblər.
Bazar günü açıqlanan və prezident İsaak Hersoqa ünvanlanan məktubda Netanyahunun vəkilləri onun ardıcıl məhkəmə iştiraklarının ölkəni idarə etməsinə mane olduğunu və əfvin “rejimin xeyrinə” olacağını iddia ediblər. Bu tələb cəmiyyətdə ciddi fikir ayrılığı yaradıb: əhalinin böyük bir qismi Netanyahu günahını etiraf etmədən və siyasi həyatdan çəkilmədən əfv verilməsinə qarşı çıxır.
Siyasi dairələrdə parçalanma
Netanyahunun sağçı koalisiyasındakı tərəfdarları əfv istəyini müdafiə edir. Bu müraciət ABŞ prezidenti Donald Trampın iki həftə əvvəl irəli sürdüyü oxşar tələb fonunda gündəmə gəlib. Müxalif siyasətçilər isə hesab edirlər ki, baş nazir yalnız siyasətdən tam çəkilərsə və günahını qəbul edərsə əfv edilə bilər. Digərləri isə 2026-cı ilin oktyabrına qədər keçirilməsi planlaşdırılan seçkiləri elan etmədən əfv istəməsinin qeyri-məqbul olduğunu bildirirlər.
Sabiq baş nazir Naftali Bennett bəyan edib ki, Netanyahu ölkəni “siyasi xaosdan çıxarmaq” üçün siyasətdən uzaqlaşacağı təqdirdə məhkəmə prosesinin dayandırılmasına dəstək verə bilər.
Netanyahunun uzun sürən korrupsiya işi
2019-cu ildə rüşvət, dələduzluq və etimadı sui-istifadə ittihamları ilə haqda rəsmi cinayət işi açılan Netanyahu, 2020-ci ildə başlayan məhkəmə ilə “İsrail” tarixində hazırkən birbaşa məhkəmədə ifadə verən ilk baş nazirə çevrilib. O, üç ayrı korrupsiya işi üzrə ittiham olunur.
Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü ilin noyabrında Netanyahu və keçmiş müharibə naziri Yoav Qalant barəsində Qəzzada törədilən kütləvi qırğınlar səbəbilə hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər üzrə həbs qərarı çıxarıb. 2023-cü ilin oktyabrından bəri Qəzzada əsasən qadın və uşaqlar olmaqla 70 mindən çox insan həlak olub.
