ABŞ və İsrailin İranın Hörmüzqan əyalətinin Minab şəhərində qızlar ibtidai məktəbini hədəf alan hücumunda şəhid olan şagirdlərin sayı 24-ə çatıb.
ABŞ və İsrailin hücumlarında Hörmüzqan əyalətinin Minab şəhərindəki bir ibtidai məktəbin hədəfə alındığı və nəticədə 24 qızın şəhid olduğu bildirilib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, hücum səhər saatlarında baş verib. Hörmüzqan əyalətinin Minab şəhərindəki ibtidai məktəbin birbaşa hədəfə alındığı və hücumda 5 qızın şəhid olduğu bildirilib. Rəsmilər ərazidə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini və ölənlərin sayının arta biləcəyini bildiriblər.
Hücum İran və ABŞ arasında danışıqların davam etdiyi bir dövrdə baş verib. İsrail Müdafiə Nazirliyi İrana qarşı “qabaqlayıcı zərbə” endirildiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp İrana qarşı “böyük əməliyyat” başlatdıqlarını açıqlayıb.
Birgə hücumların yalnız paytaxt Tehranı deyil, həm də İsfahan, Kərəc, Qum, Təbriz, Buşəhr, Kirmanşah və İlam şəhərlərini hədəf aldığı bildirilir. Hücumlardan sonra İsrail və İran hava məkanlarını bağladılar. İsraildə fövqəladə vəziyyət elan edildi, sirenlər çalındı və ictimaiyyətə sığınacaq axtarmaq tövsiyə edildi.
İran ordusu ABŞ və İsrail hücumlarına cavab olaraq İsrailə qarşı onlarla ballistik raket və dronla əks-hücum başlatdığını açıqladı. Həmçinin İranın eyni vaxtda Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və İordaniyadakı ABŞ bazalarını hədəf aldığı bildirildi. Bəyanatlara görə, Bəhreyndəki ABŞ dəniz bazası da vurulub.
