“Qarabağ” “Neftçi”ni, “Sabah” isə “Kəpəz”i Məğlub Etdi

2 Dəq Oxuma Müddəti

“Zəfər turu”na yekun vuruldu

Bu gün Misli Premyer Liqasının 11-ci turuna — “Zəfər turu”na yekun vurulub. Tur, Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümünə həsr olunduğundan, bütün matçlar simvolik olaraq saatın 44-cü dəqiqəsində başlayıb.

Turun son oyun günündə iki qarşılaşma keçirilib. Gəncədə “Kəpəz” doğma meydanda “Sabah”ı qəbul edib, Ağdamda isə Azərbaycan futbolunun klassik derbisi — “Qarabağ”–“Neftçi” görüşü baş tutub.

“Sabah” Gəncədə üç xalla ayrıldı

Gəncədə keçirilən matçda “Sabah” səfərdə “Kəpəz” üzərində 3:1 hesablı qələbə qazanıb. Paytaxt təmsilçisi 22-ci dəqiqədə Velko Simiçin qolu ilə hesabı açıb. Altı dəqiqə sonra Coy-Lens Mikesl fərqi iki topa çatdırıb — 0:2.

“Kəpəz” 45+5-ci dəqiqədə Olavale Onanuqanın qolu ilə ümidləri artsa da, ikinci hissədə İqor Noqeyranın 54-cü dəqiqədə vurduğu top oyunun taleyini həll edib.

Bu nəticədən sonra “Kəpəz” 3 xalla sonuncu pillədə qalmaqda davam edir, “Sabah” isə qələbə sayəsində turnir cədvəlində ikinci pilləyə yüksəlib.

“Qarabağ” derbidə “Neftçi”yə qalib gəldi

Turun ən çox diqqət çəkən qarşılaşması isə Ağdam klubunun meydanında keçirilib. “Azersun Arena”da baş tutan Azərbaycan derbisində “Qarabağ” əzəli rəqibi “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

Qarşılaşmada hesabı 50-ci dəqiqədə Toral Bayramov penaltidən açıb. Oyunun sonlarına yaxın — 84-cü dəqiqədə Kamilo Duran fərqi iki topa yüksəldərək qələbəni rəsmiləşdirib.

Bu qələbə “Qarabağ”ın turnir cədvəlində liderliyə qayıtmasına səbəb olub. Derbi, həm də iki komanda arasında 100-cü rəsmi qarşılaşma kimi tarixə düşüb.

Digər nəticələr

“Zəfər turu” çərçivəsində oynanılan digər matçlarda:

  • “Şamaxı” – “İmişli” 1:0

  • “Qəbələ” – “Sumqayıt” 0:2

  • “Araz-Naxçıvan” – “Karvan-Yevlax” 2:1

  • “Zirə” – “Turan Tovuz” 0:0

Beləliklə, 11-ci turun sonunda “Qarabağ” liderliyini bərpa edib, “Sabah” ikinci, “Sumqayıt” isə üçüncü pillədə qərarlaşıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş