Qara Dənizdə Sığorta Böhranı: Müharibə Riski Tarifləri Yenidən Kəllə-Çarxa Çıxardı

2 Dəq Oxuma Müddəti

Qara dənizdə müharibə riski sığortası yenidən bahalaşdı

Beş gəmiçilik və sığorta mənbəsinin “Reuters”ə təsdiqlədiyinə görə, Qara dənizdə üzən gəmilər üçün müharibə riski sığortasının qiymətləri bir daha yüksəlib. Şirkətlər Ukraynadakı müharibənin dəniz dəhlizlərinə yayılması səbəbilə sığorta şərtlərini artıq hər gün yenidən qiymətləndirir.

Qara dəniz qlobal taxıl, neft və neft məhsullarının daşınması üçün strateji bölgə hesab olunur. Bu akvatoriyanın sularında Bolqarıstan, Gürcüstan, Rumıniya, Türkiyə, eləcə də Rusiya və Ukraynanın payı var.

Türkiyədən xəbərdarlıq: “Bölgədə hər kəs risk altındadır”

Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən verdiyi açıqlamada son günlər Rusiyaya bağlı tankerlərə edilən hücumların bölgədə bütün tərəflər üçün ciddi təhlükə yaratdığını və Ukrayna müharibəsinin coğrafiyasının genişləndiyini vurğulayıb.

Sığorta tarifləri gündəlik yenilənir

Qara dənizdə Rusiya və ya Ukraynanın limanlarına — xüsusilə Azov dənizi ətrafındakı terminallara — yollanan gəmilər üçün əlavə müharibə sığortası tələb olunur. Adətən 7 günlük müddətə verilən bu sığorta əvvəllər 48 saatdan bir yenilənirdisə, indi şərait o qədər dəyişkəndir ki, şirkətlər gündəlik yenilənmə rejiminə keçib.

Beş mənbənin bildirdiyinə görə, bəzi limanlar üçün müharibə riski sığortasının dəyəri bir gün əvvəl gəminin dəyərinin 0,6%–1%-i arasında dəyişib. Bu rəqəm ötən həftə 0,4%–0,6% idi.

Bazara əsaslanan hesablamalar göstərir ki, 1%-lik tariflər 2023-cü ilin sonundan bəri ən yüksək səviyyədir, baxmayaraq ki, onlar hələ də 2024-cü ildə Ənsarullahın Qırmızı dənizdəki hücumlarının pik dövründə qeydə alınan 2%-lik tarifi keçmir.

Sığortanın tam dayandırılması gündəmdədir, amma…

Mənbələr qeyd edir ki, bəzi sığorta şirkətləri riskin böyüməsi fonunda təminatı tamamilə ləğv etmək variantını nəzərdən keçirə bilər. Lakin hazırda belə bir addımın atılacağına dair heç bir işarə yoxdur.

Putin: “Ukraynanın dənizə çıxışını kəsə bilərik”

Rusiya Prezidenti Vladimir Putin iki gün əvvəl verdiyi bəyanatda Ukraynanın Qara dənizdə tankerlərə hücumlarını cavabsız qoymayacaqlarını bildirərək, Ukraynanın dənizə çıxışını tamamilə kəsməklə hədələmiş, həmçinin Kiyevə dəstək verən ölkələrin tankerlərinə qarşı tədbirlər görülə biləcəyini deyib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş