Qalibafdan Sərt Xəbərdarlıq: “İran Güclüdür – Bərabər Şərtlər Olmadan Danışıqlar Olmayacaq!”

2 Dəq Oxuma Müddəti

“İranın müdafiə gücü əvvəlkindən daha yüksəkdir”

İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf İranın müdafiə imkanlarının bu gün “keçmişlə müqayisədə qat-qat güclü” olduğunu deyib. O vurğulayıb ki, ölkə hər hansı təcavüzə cavab verərkən əvvəlkindən daha məqsədyönlü, dəqiq və sərt addımlar atacaq.

Sualları cavablandıran Qalibaf bildirib ki, İran regional və beynəlxalq müstəvidə öz mövqeyini gücləndirib və artıq Tehranla danışıqlar aparmaq istəyən tərəflər “real və bərabər şərtləri qəbul etməlidirlər”.

“ABŞ danışıqlarda etibarlı tərəf deyil”

Qalibaf qeyd edib ki, ABŞ-la aparılan danışıqlardakı əsas maneə Vaşinqtonun “tamahkar siyasəti və diktə cəhdləridir”. O, ABŞ-ın son təcavüz zamanı danışıqlar masasına “xəyanət edərək” etibarlı tərəf olmadığını sübut etdiyini bildirib.

İranlı rəsmiyə görə, Vaşinqtonun qeyri-səmimi davranışı, eləcə də İran əleyhinə “məkrli planları” dialoqu çətinləşdirir. O deyib ki, ABŞ İranın raket proqramının məhdudlaşdırılmasını danışıqların tərkib hissəsinə çevirməyə çalışır.

“Danışıqlara hazırıq, amma təzyiq altında yox”

Qalibaf vurğulayıb ki, İran danışıqlara açıqdır, lakin proses bərabər şərtlərlə aparılmalıdır:
“Biz danışıqlardan yayınmırıq, amma heç kim İrana diktə edə bilməz. Digər tərəf bərabərliyi qəbul etməlidir”.

Onun sözlərinə görə, İranın son hərbi cavabı ölkənin gücünü bütün tərəflərə açıq şəkildə nümayiş etdirib və bu səbəbdən bəzi dövlətlər indi Tehrana yeni şərtlər irəli sürməyə çalışır.

Avropaya sərt tənqid

Qalibaf “snəpbek mexanizminin” ABŞ-ın birbaşa göstərişi ilə işə salındığını bildirib. O qeyd edib ki, Avropanın “səhv və düşünülməmiş qərarları” qitənin həm İran məsələsində, həm də Ukrayna münaqişəsində faktiki olaraq rolunu itirməsinə səbəb olub:
“Avropa artıq nə İran dosyesində, nə də Ukrayna dosyesində təsir gücünə malikdir”.

Onun fikrincə, Avropanın kor-koranə Qərb xəttinə uyğunlaşması onu beynəlxalq səhnədə ikinci plana atıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş