Qalibaf İsrailin iddialarını rədd etdi
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf “Müqəddəs Müdafiə Həftəsi” münasibətilə verdiyi müsahibədə İsrailin İranın raket bazalarının 50 faizini məhv etməsi ilə bağlı açıqlamalarını qətiyyətlə təkzib edib. O bildirib ki, bu iddialar tamamilə əsassızdır və düşmənin psixoloji müharibəsinin bir parçasıdır.
Qalibafın sözlərinə görə, düşmən İranın raket sistemlərinə qarşı “Peycerz əməliyyatı”na bənzər bir plan hazırlasa da, İranın cavab raketləri hədəflərə dəqiq zərbə endirib: “Beytülmüqəddəs yaxınlığındakı strateji Bərsəba bölgəsinə raketlərin dəqiqliklə çatması hər birinə açıq mesaj idi.”
“Vəd olunan 4” daha sərt olacaq
Qalibaf son “Vəd olunan 3” əməliyyatını İran raketlərinin dəqiqliyini və gücünü təsdiqləyən mühüm mərhələ kimi qiymətləndirib. O vurğulayıb ki, əgər düşmən yeni səhv buraxarsa, “Vəd olunan 4” əməliyyatı daha güclü, dəqiq və təsirli olacaq.
“Bizim milli maraqlarımız, İslam dünyasının maraqları, həmçinin ölkəmizin və regionun təhlükəsizliyi tələb edir ki, torpaqlarımızı müdafiə edək,” – deyə Qalibaf bildirib.
Hizbullah “daha canlı və güclü”
Məclis sədri Hizbullahın mövqeyinə də toxunaraq, hər hansı çətinliklərə baxmayaraq silah çatdırılmasının tamamilə mümkünsüz olmadığını bildirib: “Bəli, müəyyən çətinliklər var, amma yol tamamilə bağlı deyil.”
Qalibaf Hizbullahın bu gün daha güclü, daha canlı və daha təşkilatlanmış olduğunu vurğulayıb: “Hizbullah həm ideoloji, həm də hərbi baxımdan güclənib. Bu gün İsrail heç vaxt onun üzərində qələbə qazana bilməyib.”
İranın xəbərdarlığı
Qalibaf avqustun 26-da etdiyi çıxışında da xəbərdarlıq edərək bildirmişdi ki, əgər İran yenidən hücuma məruz qalarsa, müharibə daha geniş ərazilərə və fərqli sahələrə yayılacaq. O qeyd edib ki, Tehran bundan sonra hər bir təcavüzə əvvəlkindən daha sərt cavab verəcək.