Qalibaf: Süleymaninin Şəhadəti Qlobal Müqavimətin Başlanğıcı Oldu

2 Dəq Oxuma Müddəti

Qalibafdan sərt bəyanat

İran İslam Respublikasının Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf çərşənbə günü parlamentin açıq iclasında çıxışı zamanı bildirib ki, Qüds Qüvvələrinin sabiq komandanı Şəhid General Qasım Süleymaninin şəhadəti təkcə bir şəxsin itkisi deyil, daha geniş və dərin bir hərəkatın başlanğıcı olub. Onun sözlərinə görə, amerikalıların həyata keçirdiyi bu sui-qəsd gözlənilən nəticənin əksinə olaraq müqavimət ruhunu daha da gücləndirib.

Qalibaf vurğulayıb ki, “qorxaq amerikalı cinayətkarların” törətdiyi bu əməl bir daha sübut etdi ki, şəhid qanı müqavimətin toxumlarını səpir və bu toxumlar zaman keçdikcə daha geniş miqyasda cücərir.

“Müqavimət məntiqi bütün dünyaya yayılır”

İran parlamentinin sədri çıxışında qeyd edib ki, Süleymaninin şəhadəti ilə başlayan proses artıq regional çərçivələri aşıb. Onun fikrincə, bu hadisə “müqavimət məntiqinin” yalnız Yaxın Şərqlə məhdudlaşmadığını, qlobal miqyasda yeni tərəfdarlar qazandığını göstərib.

Qalibaf əlavə edib ki, bu hərəkat müxtəlif xalqlar arasında ədalətsizliyə, hegemonluğa və “istəkbara” qarşı mübarizə ideyasını gücləndirib. O, Süleymaninin yolunun təkcə hərbi deyil, eyni zamanda ideoloji və mənəvi bir xətt olduğunu bildirib.

Gənclərin qəlbində yaşayan irs

Çıxışında Qalibaf xüsusilə gənclərə toxunaraq qeyd edib ki, şəhid Süleymaninin mirası bu gün gənc nəslin qəlbində yaşayır. Onun sözlərinə görə, bu irs gələcək nəsillərə istiqamət verir və “qələbəyə aparan yolu işıqlandırır”.

İranlı siyasətçi bildirib ki, Süleymaninin adı və fəaliyyəti yalnız keçmişlə bağlı xatirə deyil, həm də bu gün və gələcək üçün ideoloji bələdçi rolunu oynayır. Qalibaf bu mirasın qorunmasının və ötürülməsinin İran üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

İllər keçsə də yaddaşlardan silinmir

Qalibafın bu açıqlamaları Qasım Süleymaninin şəhadətinin altıncı ildönümünə az qalmış səsləndirilib. Xatırladaq ki, 2020-ci il yanvarın 3-də ABŞ ordusunun Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında həyata keçirdiyi hücum nəticəsində Qasım Süleymani və İraq Xalq Səfərbərlik Qüvvələrinin sədr müavini Əbu Mehdi əl-Mühəndis həlak olub.

Həmin hadisə regionda ciddi gərginliyə səbəb olmuş, İran və ABŞ arasında münasibətləri daha da kəskinləşdirmişdi. Altı il keçməsinə baxmayaraq, bu sui-qəsd hələ də regional və beynəlxalq siyasətdə müzakirə mövzusu olaraq qalır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş