İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf parlamentin açılış iclasında çıxışı zamanı bildirib ki, İslam İnqilabının Rəhbəri son açıqlamalarında Amerika fitnəsinin müxtəlif ölçülərini böyük dəqiqliklə təhlil edib və həm xalqın, həm də məsul şəxslərin vəzifələrini müəyyənləşdirib.
Son terror savaşı Livandakı peycer əməliyyatına bənzəyirdi
Qalibaf son hadisələrin “12 Günlük Müharibə”nin davamı olduğunu qeyd edərək deyib:
“Bu fitnə ABŞ prezidentinin müdaxiləsi ilə alovlandı. Əvvəlcə qətl əmrləri verdi, terror layihəsi uğursuzluğa düçar olduqdan sonra isə şəxsən terrorçuları və iğtişaşçıları küçələri tərk etməməyə çağırdı. Məşhəd şəhərinin guya süqut etməsi kimi yalanları yayaraq, bütün nüfuzunu İranda güvənsizlik yaratmağa sərf etdi.”
Məclis sədri sözlərinə belə davam edib:
“Cümə axşamı və cümə günləri şahidi olduğumuz hadisələr planlı şəkildə aparılan, İŞİD-vari bir terror müharibəsi idi. Məqsəd Livandakı peycer əməliyyatına bənzər formada xalqı bir anda qorxudub sindirmək, kollektiv vahimə yaradaraq ölkənin parçalanmasına yol açmaq idi.”
İranı fərqləndirən iki amil: Rəhbərlik və millət
Qalibaf vurğulayıb ki, dünyada ABŞ prezidenti tərəfindən açıq şəkildə dəstəklənən bu qədər təşkilatlanmış terrorizmə məruz qalıb, bu qədər qısa müddətdə təhlükəsizliyi təmin edə bilən ölkə çox azdır. Onun sözlərinə görə, İranı digərlərindən fərqləndirən əsas amillər “hikmətli rəhbərlik” və “vətəninə bağlı millət”dir. O, 22 Dey (12 yanvar) yürüşlərinin İnqilabın qələbə günü olan 22 Bəhmən səviyyəsində tarix yazdığını qeyd edib.
Terrorçular və vətən xainləri üçün ən təhlükəli nöqtə
Qalibaf deyib:
“Düşmənin bu Amerika–Sionist fitnəsindəki məğlubiyyəti göstərdi ki, cəsur bir lider və bəsirətli bir millətlə İran terrorçular və vətən xainləri üçün dünyanın ən təhlükəli nöqtəsidir. ABŞ prezidentini qəzəbləndirən və ziddiyyətli reaksiyalara sürükləyən də məhz budur.”
Parlament və hökumətin iqtisadi qətiyyəti: maaş artımları və ərzaq kartı
Xalqın dolanışıq problemlərinin həllinin məsul şəxslərin ən böyük vəzifəsi olduğunu xatırladan Qalibaf aşağıdakı müjdələri verib:
-
Alıcılıq qabiliyyətinin qorunması: Keçən həftə elan edilən “Sabit qiymətli ərzaq kartı”.
Sabit qiymətli ərzaq kartı (Kalaberg) vasitəsilə əsas ərzaq məhsullarının qiymətləri müəyyən həddə sabit saxlanılacaq. Qiymətlər artsa belə, xalqın alıcılıq qabiliyyəti 12-ci Məclis və 14-cü Hökumət dövrünün sonunadək qorunacaq. -
Maaş artımları: 1405-ci (2026) il büdcəsində maaş artımlarının son illərin göstəricilərindən daha yüksək olması mövzusunda parlament və hökumət qətiyyətlidir.
-
Valyuta və bazarlar: Valyuta məzənnəsində dalğalanmaların qarşısının alınması və bazarın iqtisadi aktorlar üçün proqnozlaşdırıla bilən hala gətirilməsi prioritetdir.
Qalibaf sonda 7-ci İnkişaf Planının dövlətlə parlament arasında bir əhd olduğunu qeyd edərək, bu planın icrası ilə ölkənin inkişaf yoluna qədəm qoyacağını bildirib.
