Qalatasaray, “Mançester Siti”dən transfer etdiyi İlkay Gündoğanın keçidini rəsmən elan edib. Sarı-qırmızılı klub futbolçu ilə bağlı müqavilə detallarını ictimaiyyətlə bölüşüb.
Klubun açıqlamasında bildirilir:
“Peşəkar futbolçu İlkay Gündoğanın qarşılıqsız transferi mövzusunda Manchester City Football Club Limited ilə razılıq əldə olunub. Futbolçu ilə 2026/2027 mövsümünün sonuna qədər qüvvədə qalmaqla aşağıdakı şərtlərdə müqavilə imzalanmışdır: 2025–2026 mövsümü üçün xalis 4.500.000 avro, 2026–2027 mövsümü üçün isə xalis 4.500.000 avro mövsümlük zəmanətli maaş ödənəcəkdir. İctimaiyyətə hörmətlə duyurulur.”
İlkayın açıqlamaları
Futbolçu transfer barədə danışarkən bunları deyib:
“Ayrılma səbəbim çox sadədir: hələ də bacardığım qədər futbol oynamaq istəyirəm, çünki bu mənim ən sevdiyim şeydir. Tezliklə 35 yaşım olacaq, amma hələ də özümü formada hiss edirəm və Çempionlar Liqası səviyyəsində yüksək performans göstərə biləcəyimə inanıram. Təkcə bu deyil, həm də uşaqlıqda dəstək verdiyim komandada oynayacağam və mənim üçün çox böyük mənası olan bir ölkədə yaşayacağam.”
Müqaviləni imzaladıqdan sonra isə o əlavə edib:
“İlk dəfə bu formanı geyinmək həqiqətən çox gözəl bir hissdir. Bu formanı uğurlarla daşımağı səbirsizliklə gözləyirəm, hazıram. Uşaqlıqda Qalatasarayı Çempionlar Liqasında televizordan izləyirdim, hər zaman xəyal edirdim ki, ‘bir gün mənə nəsib olar’. O gün çox yaxındır.”
Karyerası
Almaniya millisinin üzvü olan İlkay Gündoğan indiyədək “Nyurnberq”, “Borussiya Dortmund”, “Barselona” və “Mançester Siti” formalarını geyinib. Təcrübəli futbolçu bundan sonra karyerasını Türkiyə Super Liqasında, Qalatasaray formasında davam etdirəcək.