Qəzzada Xəbərdarlıq Edilmədən 15 Nəfərlik Ailə Şəhid Edilib

3 Dəq Oxuma Müddəti

Qəzzada mülki ailəyə qarşı ölümcül hücum

Cenevrə mərkəzli Avropa–Aralıq dənizi İnsan Hüquqları Monitorinq Təşkilatı Qəzza zolağında sionist rejim ordusu tərəfindən həyata keçirilmiş ağır hücumu sənədləşdirib. Təşkilatın açıqlamasına görə, əvvəlcədən heç bir xəbərdarlıq edilmədən mülki şəxslərin sığındığı evə endirilən zərbə nəticəsində eyni ailədən 15 nəfər həyatını itirib.

Bildirilib ki, sözügedən araşdırma iki ildən artıqdır davam edən müharibə dövründə Qəzzada törədildiyi iddia olunan müharibə cinayətləri və soyqırım əməllərinin sənədləşdirilməsi istiqamətində aparılan işlərin bir hissəsidir. Açıqlamada mülki itkilərin “hərbi zərurət” adı altında əsaslandırılmasının bu faktlarla təkzib edildiyi vurğulanıb.

13-ü uşaq olmaqla 15 nəfər həlak olub

Araşdırmaya əsasən, hücum 17 fevral 2024-cü ildə Qəzza zolağının cənubunda, Rəfah şəhərinin şimal-şərqində yerləşən Hirbət əl-Ədas bölgəsində baş verib. Sionist rejim ordusu bir ailəyə məxsus istirahət evini hədəfə alıb.

Ev tamamilə dağıdılıb

Məlumata görə, hücum ABŞ istehsalı olan iki ağır bomba ilə həyata keçirilib. Zərbə nəticəsində ev tamamilə dağılıb və içəridə olan bütün şəxslər həyatını itirib. Qeyd olunub ki, hücum nə xəbərdarlıqla müşayiət olunub, nə də məcburi köçkün ailənin hədəfə alınmasını əsaslandıran hər hansı hərbi zərurət mövcud olub.

Hücum zamanı “Əbu Nəhal” ailəsindən 13-ü uşaq, biri qadın olmaqla ümumilikdə 15 nəfər həlak olub.

Hərbi hədəf aşkarlanmayıb

Uzunmüddətli araşdırma hadisə yerinin baxışı, sağ qalan yeganə şəxsin və şahidlərin ifadələrinin müqayisəsi, həmçinin rəqəmsal materialların texniki təhlilini əhatə edib. Nəticələr hədəf alınan ərazinin tamamilə mülki zona olduğunu ortaya qoyub.

Araşdırmada hər hansı hərbi mövcudluğa və ya silahlı qruplaşma fəaliyyətinə dair sübut tapılmadığı bildirilib. Bu faktın İsrailin mümkün “hərbi zərurət” iddialarını etibarsız etdiyi vurğulanıb.

“Qardaşımın toyunu qeyd edirdik”

Hücumdan sağ çıxan yeganə şəxs olan 16 yaşlı Üsamə İbrahim Əbu Nəhalın ifadələrinə də yer verilib. O bildirib ki, ailə üzvləri qardaşının toyunu qeyd edərkən səhər saat 06:00 radələrində heç bir xəbərdarlıq olmadan raket zərbəsi endirilib.

Üsamə Əbu Nəhal xəstəxanada ayılanda bədəninin yanıq və yaralarla dolu olduğunu, əllərinə və ayaqlarına metal implantlar yerləşdirildiyini, onunla birlikdə olan hər kəsin isə həyatını itirdiyini deyib.

ABŞ istehsalı ağır bombalardan istifadə olunub

Təşkilatın açıqlamasında bildirilib ki, hücumdan sonra yaranan iki dərin kraterin analizi sionist rejim hərbi təyyarələrinin təxminən 900 kiloqram ağırlığında, JDAM idarəetmə dəstləri ilə təchiz edilmiş MK-84 tipli GBU-31 bombalarından istifadə etdiyini göstərir.

Bu bombaların hərbi istehkamlar üçün nəzərdə tutulduğu, lakin sadə yaşayış binasında istifadəsinin tam dağıntıya və insan bədənlərinin parçalanmasına səbəb olduğu qeyd olunub.

Beynəlxalq araşdırma çağırışı

Açıqlamada Qəzza zolağında törədildiyi bildirilən sionist rejim cinayətləri, xüsusilə də soyqırım iddiaları ilə bağlı müstəqil və effektiv beynəlxalq istintaqın başladılmasına çağırış edilib. Qeyd olunub ki, 2023-cü ildən bəri İsrail ordusu məcburi köçkünlərin sığındığı əraziləri dəfələrlə hədəfə alıb və bəzi hücumlarda 100-dən çox insan həyatını itirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş