Qəzzada şəhid sayı artır
Fələstin Səhiyyə Nazirliyi bu gün, (şənbə günü) verdiyi açıqlamada bildirib ki, son 24 saat ərzində Qəzzada 151 nəfər şəhid olub. Onlardan 116 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Hücumlar nəticəsində əlavə olaraq 72 nəfər də yaralanıb.
Nazirliyin məlumatına görə, çox sayda insan hələ də dağıntılar altında və küçələrdə qalıb. Səhiyyə və mülki müdafiə qüvvələri dağıntıların miqyası və davam edən bombardman səbəbindən həmin ərazilərə çatmaqda çətinlik çəkir.
7 oktyabrdan bəri 67 min 682 şəhid
Nazirliyin hesabatında qeyd olunub ki, 2023-cü il 7 oktyabrdan bəri İsrailin hücumları nəticəsində Qəzzada ümumilikdə 67 min 682 nəfər şəhid olub. Yaralıların ümumi sayı isə 170 min 33 nəfərə çatıb.
Bundan əlavə, 2025-ci ilin 3–10 oktyabr tarixlərini əhatə edən dövr üçün məlumatları tamamlanmış və məhkəmə komissiyası tərəfindən təsdiqlənmiş 320 şəhid də ümumi siyahıya əlavə olunub.
Aclıq və qidalanma çatışmazlığı yeni faciələrə səbəb olur
Nazirliyin açıqlamasında bildirilib ki, Qəzzada aclıq və qida çatışmazlığı səbəbindən 463 nəfər, o cümlədən 157 uşaq həyatını itirib.
Qida Təhlükəsizliyinin Faza Təsnifatı (IPC) tərəfindən bölgədə aclıq vəziyyətinin rəsmi elanından sonra isə 185 nəfərin, o cümlədən 42 uşağın aclıqdan öldüyü təsdiqlənib.
Səhiyyə Nazirliyi beynəlxalq ictimaiyyəti Qəzzadakı humanitar fəlakətə qarşı təcili tədbirlər görməyə çağırıb və xüsusən uşaqların və qadınların həyatını xilas etmək üçün yardım yollarının dərhal açılmasını tələb edib.