Qəzzada İsrail hücumları güclənir: çoxsaylı itkilər
İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza şəhərinə qarşı intensiv hücumlar həyata keçirib. Nəticədə 25-dən çox fələstinli həlak olub. Tankların müxtəlif istiqamətlərdə irəlilədiyi, şimal-qərbdəki “Məlumat Qüllələri” ətrafında partlayış əməliyyatlarının aparıldığı bildirilib.
Eyni ailədən 4 şəhid
Qəzzanın qərbində yerləşən Fələstin Tibb Şurası binası yaxınlığında həyata keçirilən hava hücumu nəticəsində bir ailənin 4 üzvü həlak olub. Çoxsaylı itkilərlə yanaşı, Səbərə məhəlləsindəki yaşayış evinə və məcburi köçkünlərin düşərgələrinə endirilən zərbələr də fəlakətə səbəb olub.
Məcburi köçkün düşərgələri hədəfə alındı
Nusəyrat düşərgəsində, əs-Saadi qülləsi yaxınlığında toplanan məcburi köçkünlər İsrail aviazərbələrinin hədəfinə çevrilib. Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Yardım gözləyənlər vuruldu
Rəfah şəhərinin şimalındakı yardım mərkəzi qarşısında yardım gözləyən mülki şəxslərə qarşı edilən hücumda bir nəfər həlak olub, bir neçəsi isə yaralanıb.
Eyni zamanda, Xəzzanın cənubundakı Xan Yunis şəhərində yerləşən Nəsir Tibb Kompleksində İsrail pilotsuz təyyarəsi bir həkimi hədəf alıb, nəticədə tibbi personal arasında yaralılar qeydə alınıb.
Tibbi heyətə qarşı təzyiq
Qəzza Səhiyyə Nazirliyi açıqlama yayaraq 361 tibbi işçinin İsrail həbsxanalarında “zorla yoxa çıxarıldığını” və onların vəziyyəti barədə heç bir məlumat verilmədiyini bildirib. Nazirlik beynəlxalq qurumlara müraciət edərək həkimlərin dərhal azad edilməsini tələb edib.
Məlumata görə, saxlanılan tibb işçiləri son dərəcə ağır şəraitdə saxlanılır və təhqirə məruz qalırlar.
Dünənki hücumlarda 47 şəhid
Xatırladaq ki, dünən İsrailin Qəzzaya hücumları nəticəsində 47 fələstinli şəhid olub, çoxsaylı mülki şəxs yaralanıb. Hədəflər arasında yaşayış binaları, məcburi köçkünlərin məskunlaşdığı ərazilər və yardım məntəqələri olub.
İsrailin son günlərdə intensivləşən hücumları Qəzzada humanitar böhranı daha da dərinləşdirir.