Qatil Netanyahu quru işğalını elan etdi
Sionist rejimin baş naziri Benyamin Netanyahu Qəzza şəhərində quru işğalının başlandığını elan edib. “Yediot Ahronot” qəzetinə istinadən yayılan məlumata görə, ordu mərhələli şəkildə şəhərə daxil olmağı planlaşdırır. Son günlərdə artan hava zərbələri və çoxmərtəbəli binaların dağıdılması da bu planın tərkib hissəsi kimi qiymətləndirilir.
Lakin əslində bu əməliyyat həftələr öncə başlamışdı. Sionist rejim ordusu əvvəlcə əs-Sabra və əz-Zeytun məhəllələrinə daxil olmuş, burada geniş dağıntılar törətdikdən sonra geri çəkilmişdi. Daha sonra Cəbaliya, ən-Nuzlə və əs-Saftavi bölgələrinə yönələn qoşunlar indi Şeyx Rizvan və Əbu İskəndər ərazilərində mövqe tutublar.
İsrail ordusunun əsas mövqeləri
Şeyx Rizvan məhəlləsi
Şimal-qərbdə yerləşən Şeyx Rizvan məhəlləsi hazırda ordunun əsas mövqelərindən biridir. Burada tank və zirehli texnika məhdud hərəkətlər etsə də, əsas məqsəd “atəşlə köçürmə” siyasəti ilə əhalini zorla çıxarmaqdır. İstifadə olunan partlayıcı robotlar əlavə dağıntılar törədərək kütləvi köçü sürətləndirib.
Şimal-qərb sahil zolağı
İşğal qüvvələri sahilboyu ərazilərə də daxil olub. Əl-Karama, əs-Sudaniyyə və digər bölgələr ağır bombardmana məruz qalıb. Əhali əvvəlcə yardımlar üçün bu ərazilərə üz tutsa da, ardıcıl hücumlar nəticəsində minlərlə insan yenidən köç etməyə məcbur olub.
Təl əl-Həva bölgəsi
Cənubda, Təl əl-Həva istiqamətində də irəliləyən ordunun tankları ən-Nəim yanacaqdoldurma məntəqəsinin yaxınlığında mövqe tutub. Burada da zirehli texnika və partlayıcı yüklü maşınlardan istifadə olunub. Nəticədə küçələr və qovşaqlar tamamilə dağıdılıb, minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Humanitar böhran dərinləşir
Qəzzada vəziyyət getdikcə ağırlaşır. Əksər yaşayış binaları dağıdıldığı üçün gecə saatlarında hərbi texnikanın hərəkəti açıq şəkildə eşidilir. Ən böyük insan axını isə sahilboyu Raşid küçəsində müşahidə olunur. Burada minlərlə insan saatlarla tıxacda qalır, çünki hamı şəhərin cənubuna doğru hərəkət etməyə çalışır.
İsrailin qiymətləndirmələrinə görə, hazırda Qəzza şəhərində 850 mindən çox insan qalır. Onların bir hissəsi maddi imkansızlıq səbəbindən köçə bilmir. Nəqliyyat xərclərinin 1000 ABŞ dollarına qədər yüksəlməsi də vəziyyəti daha da çıxılmaz edib.