Qəzza: Qəssam Briqadaları Atəşkəsə Sadiq Olduğunu Bəyan Etdi

2 Dəq Oxuma Müddəti

Qəssam briqadaları: Atəşkəsə tam sadiqik

HƏMAS-ın hərbi qanadı olan Qəssam briqadaları bu gün yayımladığı bəyanatda atəşkəs razılaşmasının bütün maddələrinə tam əməl etdiklərini bildirib. Təşkilat qeyd edib ki, Rəfəh bölgəsində baş verən son hadisələr barədə heç bir məlumatları yoxdur və həmin ərazilərlə əlaqə mart ayında döyüşlərin bərpa olunmasından sonra tamamilə kəsilib.

Bəyanatda vurğulanıb ki, Rəfəh “qırmızı zona” hesab olunur və hazırda İsrail qüvvələrinin tam nəzarəti altındadır. “Orada qalan döyüşçülərimizlə əlaqə mart ayından bəri mümkün deyil. Onların şəhid olub-olmadıqları və ya sağ qalıb-qalmadıqları barədə məlumatımız yoxdur,” – deyə Qəssam briqadaları bildirib.

İsrail ordusunun iddiaları və hava hücumları

İsrail mediasının məlumatına görə, bu gün Rəfəhda baş verən iki ayrı əməliyyat zamanı iki İsrail əsgəri həlak olub, daha ikisi isə yaralanıb. İsrail mənbələri bu hücumların biri snayper atəşi, digəri isə partlayıcı qurğu ilə həyata keçirildiyini iddia edib.

Hadisələrdən sonra İsrail ordusu Qəzza zolağının şimal və cənub bölgələrinə təxminən 20 hava zərbəsi endirib. Hava hücumları nəticəsində bir neçə fələstinlinin həlak olduğu və çox sayda yaralının olduğu bildirilir.

Qəssam briqadaları: İsrail əsirinin cəsədi tapılıb

Qəssam briqadaları bazar günü ayrıca açıqlamada İsrailin əsir götürülmüş bir əsgərinin cəsədini aşkar etdiklərini bəyan edib. Bildirilib ki, “şərait əlverişli olarsa, cəsəd bu gün təhvil veriləcək”.

Təşkilat İsraili xəbərdar edərək bildirib ki, hər hansı yeni hücum və ya bombardman əməliyyatı aparılan axtarış və qazıntı işlərinə mane olacaq: “Əgər İsrail tərəfi bölgədə gərginliyi artırarsa, bu, öz cəsədlərinin geri alınmasını yalnız gecikdirəcək.”

Atəşkəs razılaşması davam edir

Xatırladaq ki, 9 oktyabrda HƏMAS və İsrail arasında atəşkəs və əsirlərin qarşılıqlı mübadiləsi barədə razılıq əldə olunmuşdu. Qəssam briqadaları bəyan edib ki, razılaşmanın bütün maddələrinə əməl etməyə davam edir və istənilən eskalasiyanın məsuliyyəti İsrailin üzərinə düşəcək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş