İstanbulda “Qəzza Məhkəməsi”nin yekun iclası keçirildi
İsrailin Qəzzada törətdiyi hərbi cinayətləri araşdırmaq məqsədilə yaradılan beynəlxalq və müstəqil “Qəzza Məhkəməsi”nin yekun iclası İstanbulda baş tutub. Sessiya çərçivəsində “Cinayətlər və Şahid İfadələri” adlı panel keçirilib.
Paneldə çıxış edən şahidlər İsrail ordusunun mülki əhaliyə qarşı sistematik zorakılıq, cinsi istismar, kütləvi edam və tibbi personalın hədəfə alınması kimi ağır cinayətlər törətdiyini bildiriblər.
“İsrail gəncləri çuxura doldurub ailələrinin gözü önündə edam etdi”
Şahid Mahmud Əl-Xatib ifadəsində deyib ki, İsrail qüvvələri Rəfəh şəhərində gənc kişiləri toplayaraq böyük bir çuxur qazıb, onları ailələrinin gözü qarşısında güllələyiblər:
“Rəfəhin yaşayış məhəlləsində böyük bir çuxur qazdılar. Bütün gəncləri oraya itələdilər və ailələrinin qarşısında edam etdilər.”
Bu ifadə zalda dərin sükut və emosional reaksiya doğurub.
“Qəzza beynəlxalq hüququn məzarlığına çevrilib”
Güney Afrikadan onlayn qoşulan, Qəzzadakı soyqırımdan sağ çıxan professor Haydar Eyd bildirib ki, İsrailin hücumları nəticəsində ailəsindən 54 nəfəri, həmkarlarından 39 nəfəri və 280-dən çox tələbəsini itirib.
“İsrail Qəzzanı yaşanmaz hala gətirərək qadınları, uşaqları və yaşlıları cəzalandırır. Mənim evim, məktəbim, universitetim artıq yoxdur,” – deyə o söyləyib.
Rutgers Universitetinin müəllimi və insan haqları hüquqşünası Nura Ərakat isə bildirib ki, Qəzzada baş verənlər “beynəlxalq hüququn tam çöküşüdür”:
“BMT və digər qurumlar İsrailin cinayətlərinə göz yumur. ABŞ-ın vetosu isə İsrailə siyasi toxunulmazlıq qazandırır.”
Ərakat vurğulayıb ki, həm Co Bayden, həm də Donald Tramp administrasiyaları BMT-də soyqırımı dayandırmağa yönəlmiş qərar layihələrini sistemli şəkildə veto edib.
“Sivillər ‘təhlükəsiz evdə’ bombalandı”
Qəzzanın cənubundakı Xan Yunus şəhərindən olan şahid Rizvan Əbu Muammar, İsrailin “təhlükəsiz ev” adlandırılan sığınacaqlardan birinə xəbərdarlıq etmədən hücum etdiyini söyləyib:
“Biz orada 18 gün qaldıq. 20 dekabr gecəsi ev xəbərdarlıq edilmədən bombalandı. 51 nəfərdən 30-u, əksəriyyəti qadın və uşaq, şəhid oldu.”
Muammar bildirib ki, bombalamadan sonra ailəsini tapmağa çalışsa da, atasını və qardaşını yalnız xəstəxanədə cəsədlər arasında tapa bilib. O, anasını və bacısının 9 yaşlı qızını qorxudan ürəklərinin dayanması nəticəsində itirdiyini əlavə edib.
“İsrail qadınları və tibb işçilərini hədəf aldı”
Digər şahid Samir Əbu Fura, İsrail sərhəd keçidlərində qadınların döyülməsi, zorla yerə yatırılması və təhqir edilməsini təsvir edib.
Rəğəd Süleyman isə bildirib ki, İsrail əsgərləri dinc sakinləri itlərlə hücuma məruz qoyur, qadınları yerə yıxıb boyunlarına basırdılar.
Tibb işçisi İsra Əl-Şərif isə Qəzzada xəstəxanaların planlı şəkildə bombalandığını və bütün tibbi heyətin saxlanıldığını bildirib:
“Onlar səhiyyə işçilərini ‘terrorçu’ kimi göstərmək üçün saxta videolar yayırlar.”
Beynəlxalq ictimaiyyətə çağırış
Panelin sonunda hüquqşünas və müşahidəçilər beynəlxalq qurumlara müraciət edərək, İsrailin Qəzzada törətdiyi müharibə cinayətlərinə görə məsuliyyət daşımalı olduğunu və qurbanların səsini eşitməyin artıq mənəvi borc olduğunu vurğulayıblar.
