Qəzzəyə yardım aparan flotiliya Tunisdə hücuma məruz qaldı
İsrailin qanunsuz blokadasını yarmaq üçün Qəzzəyə doğru yola çıxan “Beynəlxalq Sumud” Flotiliyasının əsas gəmisinə Tunisdə dron hücumu həyata keçirilib.
44-dən çox ölkənin dəstəklədiyi beynəlxalq flotiliya 31 avqust tarixində Qəzzəyə doğru yola çıxmışdı. Flotiliyanın məqsədi İsrailin illərdir davam edən mühasirəsini yarmaq və Fələstin xalqına dəstək göstərməkdir.
BMT rəsmisi hücumu təsdiqlədi
BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese X platformasında paylaşım edərək Tunisin Sidi Busaid limanında flotiliyanın əsas gəmisinə dron hücumu təşkil olunduğunu bildirib. O, hazırda hərəkətdə olan iki gəminin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
Hücumun təfərrüatları
“Beynəlxalq Sumud” Flotiliyasının Tunus Deklarasiyası İcra Üzvü Vail Nevvar sosial şəbəkədə canlı yayım zamanı belə deyib:
“Tunisin Sidi Busaid Limanında flotiliyaya məxsus İspaniya gəmisinə insansız hava vasitəsilə hücum edilib, gəminin bir hissəsi alova bürünüb. Aktivistlərdən aldığımız məlumata görə, drondan gəminin üzərinə yanğın törədici maddə atılıb.”
Hücumdan sonra liman ərazisinə təhlükəsizlik qüvvələri cəlb edilib, giriş-çıxış məhdudlaşdırılıb. Lakin Tunis hakimiyyəti hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Flotiliya 10 sentyabrda Qəzzəyə doğru yola çıxacaq
Nevvar əlavə edib ki, İspaniyadan gələn gəmilərə Tunisdən də yeni gəmilər qoşulacaq və bütün flotiliya 10 sentyabrda birlikdə Qəzzəyə doğru hərəkət edəcək.
Tunisdə 1 sentyabrdan bəri aralarında onlarca türk vətəndaşının da olduğu müxtəlif ölkələrdən gəlmiş 150-yə yaxın fəal flotiliyaya qoşulmaq üçün hazırlaşır.
“Sumud” anlayışının mənası
“Sumud” sözü ərəbcə “sarsılmaz iradə” və ya “dəyanət” mənasını verir. 1967-ci ildəki Altıgünlük Müharibədən sonra bu anlayış Fələstin xalqının torpaqlarında qalaraq, kimliyini və mədəniyyətini qoruyaraq işğala qarşı mübarizəsini ifadə edən bir simvola çevrilib.
Fələstinlilər üçün zeytun ağacı və hamilə kəndli qadın obrazı “Sumud” anlayışının simvolu hesab olunur. Bu, zorakı mübarizədən kənar, sivil itaətsizlik və alternativ institutların qurulması ilə işğala qarşı dirənişi ifadə edir.