Qətərin F-35 danışıqları İsraildə təşviş yaradıb
Sionist rejimin “12-ci kanal”ına istinadən yayılan məlumatlara görə, Qətər ABŞ-la F-35 tipli müasir döyüş təyyarələrinin alınması üçün irəliləmiş danışıqlar aparır. Bu proses Vaşinqtonun eyni tip “görünməz” təyyarələri Türkiyə və Səudiyyə Ərəbistanına satmaq niyyətini ortaya qoymasından sonra gündəmə gəlib və sionist rejimdə narahatlığı daha da artırıb.
Məlumata əsasən, bu ehtimal işğalçı İsrail rejimində hava məkanında saxlanıldığını iddia etdiyi “keyfiyyət üstünlüyü”nün zəifləyə biləcəyi qorxusunu gücləndirib. Xüsusilə region ölkələrinin eyni səviyyədə hərbi texnologiyaya çıxış əldə etməsi Təl-Əviv üçün strateji risk kimi qiymətləndirilir.
Təhlükəsizlik qurumları Vaşinqtona tələblər hazırlayır
Sionist rejimin təhlükəsizlik və hərbi strukturları baş verənləri diqqətlə izləyir. Yerli mənbələrin bildirdiyinə görə, Təl-Əviv ABŞ administrasiyasına təqdim etmək üçün kompensasiya və əlavə silahlanma tələblərindən ibarət paket üzərində işləyir. Bu paketə əlavə döyüş eskadrilyalarının verilməsi, həmçinin daha müasir silah və texnologiyalarla təminatın genişləndirilməsi daxildir.
Sionist rejim tərəfi hesab edir ki, əgər vaxtında qərar qəbul edilməzsə, ABŞ-ın hərbi sənaye şirkətləri üçün prioritet müştəri statusunu itirə bilər. Bu isə gələcəkdə həm texniki, həm də siyasi baxımdan Tel-Əvivin mövqelərini zəiflədə bilər.
Türkiyə məsələsi ayrıca müzakirə olunur
Məlumatda Türkiyə ilə bağlı ayrıca məqama da toxunulub. Bildirilir ki, ABŞ-ın Ankaradakı səfirliyi təxminən bir həftə əvvəl açıqlama verərək qeyd edib ki, Türkiyə F-35 proqramına yenidən qayıtmaq istəyərsə, Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemindən imtina etməlidir.
Bu şərt Vaşinqtonun Ankara ilə hərbi əməkdaşlıqda hələ də ciddi tərəddüdlərinin qaldığını göstərir. Eyni zamanda sionist rejim tərəfi Türkiyənin F-35 əldə etməsini Səudiyyə Ərəbistanından da daha riskli ssenari kimi qiymətləndirir.
Netanyahunun açıq etirazı
İşğalçı rejimin baş naziri cinayətkar Benyamin Netanyahu daha əvvəl Səudiyyə Ərəbistanına F-35 satışına qarşı çıxdığını açıq şəkildə bəyan edib. O, 20 noyabr tarixində ABŞ dövlət katibi Marko Rubio ilə əlaqə saxladığını və İsrailin hərbi üstünlüyünün qorunmasının vacibliyini vurğuladığını bildirib.
Netanyahu qeyd edib ki, Türkiyəyə F-35 satışına qarşı mövqeləri Səudiyyə Ərəbistanı ilə müqayisədə qat-qat sərtdir. Onun sözlərinə görə, bu cür satışın yaxın vaxtlarda baş verəcəyinə inanmır.
Analitiklər hesab edirlər ki, Qətərin də F-35 yarışına qoşulması regionda silahlanma balansını dəyişə və İsrailin uzun illərdir qorumağa çalışdığı hava üstünlüyü strategiyasını yenidən gündəmə gətirə bilər.
