Siyonist Rejim Ordusunun Açıqlaması
İsrail ordusunun və təhlükəsizlik xidməti Şabakın birgə bəyanatında bildirilib ki, hücum hava qüvvələrinin iştirakı ilə həyata keçirilib və əsas məqsəd HƏMAS-ın yüksək vəzifəli nümayəndələri olub.
HƏMAS mənbələri: Hücum danışıqlar zamanı baş verib
Qətərin “Əl-Cəzirə” telekanalı HƏMAS-dakı yüksək səviyyəli bir mənbəyə istinadla hücumun təşkilatın danışıqlar aparan nümayəndə heyətinə qarşı yönəldildiyini təsdiqləyib. Həmin mənbənin sözlərinə görə, heyət ABŞ prezidenti Donald Trampın irəli sürdüyü atəşkəs təklifini müzakirə edərkən hücuma məruz qalıb.
Məqsəd alınmadı: HƏMAS heyəti xilas oldu
“Əl-Məyadin” telekanalı isə HƏMAS rəhbərliyindəki mənbəyə istinadən məlumat yayıb ki, nümayəndə heyəti hücumdan sağ çıxıb. İsrail mediası hədəfin HƏMAS liderləri Xalil əl-Həyə və Zaher Cəbbarin olduğunu iddia edib.
Qətərin sərt reaksiyası
Qətər Xarici İşlər Nazirliyi yayımladığı bəyanatda İsrailin bu hücumunu “cinayətkar təcavüz” adlandıraraq, beynəlxalq hüququn kobud şəkildə pozulduğunu vurğulayıb. Bildirilib ki, bu hadisə yalnız Qətərin təhlükəsizliyini deyil, ölkədə yaşayan bütün əhalini də risk altına atır. Nazirlik əlavə edib ki, Doha İsrailin bu “təxribatçı və düşməncəsinə davranışına” qarşı səssiz qalmayacaq.
Hadisə ilə bağlı beynəlxalq reaksiyaların artacağı gözlənilir.