Əl Sani: Qəzzadakı zorakılıqlar böyük məyusluq yaradır
Qətər Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani Nyu-Yorkda Xarici Əlaqələr Şurasında çıxış edərək Qəzzada baş verən son hadisələrə münasibət bildirib. O, İsrailin hava hücumlarını “böyük məyusluq doğuran və kədərli hadisələr” kimi qiymətləndirib.
Əl Sani qeyd edib ki, Qətər uzun müddətdir bölgədə sabitliyin bərpası və münaqişənin diplomatik yolla həllinə çalışır. O, Qəzzadakı silahlı toqquşmaların davam etməsinin həm region, həm də beynəlxalq ictimaiyyət üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
“Hamas silahsızlaşdırılmağa razı ola bilər”
Qətər Baş naziri bildirib ki, Hamas Qəzzadakı idarəetmədən çəkilməyə meyllidir və hazırda təşkilatın silahsızlaşdırılmasını qəbul etməsi istiqamətində danışıqlar aparılır:
“Hamas-ın silahdan imtina etməsi üçün çalışırıq. Bu, asan proses deyil, amma bölgədə davamlı sülhün əldə olunması üçün zəruri addımdır.”
Əl Sani həmçinin vurğulayıb ki, ABŞ vasitəçiliyi ilə əldə edilmiş atəşkəsin davam etməsi Qətərin əsas prioritetidir. O, sülh razılaşmasının pozulmasına baxmayaraq, tərəflərin atəşkəsə sadiq qalmasının vacibliyini qeyd edib.
Atəşkəs yenidən qüvvədədir
İsrail ordusu dünən həyata keçirdiyi genişmiqyaslı bombardmandan sonra bu gün Qəzza zolağında atəşkəsin yenidən qüvvəyə mindiyini elan edib. Ordu sözçüsünün bəyanatında bildirilib ki, “Hamasın pozuntularına cavab olaraq onlarla hədəfə zərbələr endirildikdən sonra, siyasi rəhbərliyin göstərişi ilə İsrail ordusu atəşkəs rejimini bərpa edib.”
Açıqlamada həmçinin qeyd olunub ki, son hücumlarda müxtəlif silahlı qruplara mənsub 30 nəfər öldürülüb. İsrail ordusu atəşkəsə əməl edəcəyini, lakin istənilən pozuntuya sərt cavab verəcəyini bəyan edib.
Qəzzada cəsədlərin təhvil verilməsi gözlənilir
İsrail mətbuatının məlumatına görə, atəşkəs yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 11:00) qüvvəyə minib. Eyni mənbələr, bu axşam saatlarında Hamasın Qəzza zolağında həlak olmuş iki israillinin cəsədini İsrail tərəfinə təhvil verməsinin gözlənildiyini yazır.
Ekspertlərə görə, Qətərin diplomatik təşəbbüsləri regionda gərginliyin azaldılması və uzunmüddətli sülh prosesi üçün mühüm əhəmiyyət daşıyır.
