Qəzza zolağını şimaldan cənuba doğru yarıb keçən, bəzi yerlərdə iki, bəzi yerlərdə isə yeddi kilometrə qədər dərinliyə çatan Sarı Xətt “geri çəkilmə xətti” kimi təqdim olunur. Lakin sahadakı reallıq tamamilə fərqlidir. Bu xətt müvəqqəti hərbi tənzimləmə deyil, yeni bir işğal sərhədinin səssizcə inşa edilən infrastrukturudur.
İlk baxışda texniki təhlükəsizlik xətti kimi göstərilsə də, Sarı Xətt beynəlxalq hüquq baxımından açıq torpaq qəsbinin, demoqrafik mühəndisliyin və daimi ilhaq planının bir hissəsidir. Al Jazeeranin yaydığı məlumatlara görə, bu xətt Qəzzanın 52–58 faizini əhatə edir. Yəni Qəzzanın kənd təsərrüfatı torpaqlarının böyük hissəsi, şimal–cənub nəqliyyat arteriyaları və mülki həyatın onurğa sütunu məhz bu xəttin daxilində qalır. Bu, təsadüf deyil, şüurlu seçimin nəticəsidir.
Sahada ucaldılan sarı rəngli beton bloklar bu xəttin kağız üzərində qalan bir layihə olmadığını açıq şəkildə göstərir. “Müvəqqəti” deyilən bu xətt boyunca daimi hərbi bazalar, termal müşahidə qüllələri, asfalt yollar və logistika mərkəzləri inşa edilib. Bu mənzərə bizə bir həqiqəti deyir: Sarı Xətt atəşkəs xətti deyil, faktiki sərhəd yaratma praktikasıdır.
Beynəlxalq hüquq baxımından məsələ son dərəcə aydındır. Cenevrə Konvensiyaları işğalçı qüvvənin işğal etdiyi ərazilərdə daimi infrastruktur qurmasını, mülki əhalinin geri dönüşünü əngəlləməsini və kənd təsərrüfatı sahələrini hərbi zona elan etməsini açıq şəkildə qadağan edir. Buna baxmayaraq İsrail Sarı Xətt boyunca yaşayan fələstinlilərin evlərinə qayıtmasına mane olub, kənd təsərrüfatını dayandırıb və yaxınlaşan mülki şəxsləri birbaşa hədəfə alıb. BBC Arabicin sahədən ötürdüyü məlumatlar bu gerçəyi bütün çılpaqlığı ilə ortaya qoyur.
10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəs razılaşması İsrail qüvvələrinin bu xəttin arxasına çəkilməsini nəzərdə tuturdu. Lakin sahadakı reallıq bunun tam əksini göstərdi. Atəşkəsdən sonra yüzlərlə fələstinli artilleriya atəşi, pilotsuz uçuş aparatları və snayper güllələri ilə öldürüldü. Bu mənzərə atəşkəsin sülh mexanizmi deyil, İsrail üçün vaxt qazandıran və sahəni yenidən dizayn etməyə xidmət edən taktiki alət kimi istifadə olunduğunu göstərir.
“Bu, Bizim Yeni Sərhədimizdir”
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirin Sarı Xəttlə bağlı açıqlamaları artıq bu niyyətin gizlədilmədiyini göstərir. Zamir Sarı Xətti açıq şəkildə “yeni sərhəd”, “irəli müdafiə xətti” və “hücum xətti” kimi xarakterizə edib. Hərbi terminologiyada bir xəttin həm müdafiə, həm də hücum xətti adlandırılması onun müvəqqəti deyil, daimi olduğunu bəyan etmək deməkdir. Bu, ilhaq niyyətinin hərbi dillə açıq elanıdır.
Burada diqqət çəkən məqam İsrailin siyasi ritorikası ilə hərbi praktikası arasındakı ziddiyyətdir. Netanyahu hökuməti diplomatik müstəvidə atəşkəsdən və keçid mərhələlərindən danışarkən, hərbi komandanlıq sahada Qəzzanın faktiki olaraq iki yerə bölündüyünü elan edir. Bu ziddiyyət göstərir ki, İsrail dövləti atəşkəsi sülh prosesi kimi deyil, işğalın yenidən qurulması kimi görür.
Sarı Xətt bu baxımdan klassik sərhəd xətlərindən fərqlənir. Bu xətt fələstinliləri birbaşa qətlə yetirmədən sürgün etməyin, kənd təsərrüfatını məhv edərək aclığa məhkum etməyin və coğrafiyanı hərbi zonalara bölməklə həyatı mümkünsüz etməyin vasitəsidir. Bu səbəbdən Sarı Xətt təkcə hərbi tənzimləmə deyil, müasir müstəmləkə texnikasıdır.
Qəzzanın şərqinin “Şərqi Qəzza”, qərbinin isə faktiki olaraq “Qərbi Qəzza” kimi ayrılması yeni daxili sərhəd yaradır. Bu sərhəd təkcə coğrafiyanı deyil, cəmiyyəti, iqtisadiyyatı və siyasəti də parçalayır. Independent Arabianin vurğuladığı kimi, bu, fələstin cəmiyyətini uzunmüddətli perspektivdə çökərdəcək bir mühəndislikdir.
Bu nöqtədə Sarı Xətt bizi tək bir sualla üz-üzə qoyur: bu həqiqətən atəşkəs xəttidir, yoxsa soyqırımın məkan üzrə təşkilatlanmasıdır? Sahadakı məlumatlar bu sualın cavabını artıq verir. Sarı Xətt fələstinlilərin yaşayış sahələrini daraldan, onları aclığa, susuzluğa və güvənsizliyə məhkum edən ölüm zolağıdır. Bu gün Qəzzada həyatla ölüm arasındakı xətt məhz buradan keçir.
Atəşkəsi Müharibə Alətinə Çevirmək
Sarı Xətt məsələsi təkcə İsrailin hərbi seçimləri ilə izah edilə bilməz. Bu xətt eyni zamanda beynəlxalq hüququn şüurlu şəkildə dayandırıldığı bir qırılma nöqtəsidir. Qəzzada baş verənlər artıq hüququn pozulması deyil, hüququn tamamilə yox sayılmasıdır.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi mülki əhalinin qorunmasını, işğal altındakı ərazilərdə demoqrafik dəyişikliklərin qadağan edilməsini və hərbi işğalın müvəqqəti xarakter daşımasını açıq şəkildə təsbit edir. Buna baxmayaraq İsrail Sarı Xətt boyunca daimi hərbi strukturlar qurdu, mülki məskunlaşmanı tam qadağan etdi və fələstinlilərin geri dönüş hüququnu faktiki olaraq aradan qaldırdı. UN OCHA məlumatları bu mənzərəni təsdiqləyir.
Burada əsas problem İsrailin hüququ pozması deyil, beynəlxalq sistemin bu pozuntunu normallaşdırmasıdır. ABŞ və Avropa İttifaqı Sarı Xətt tətbiqini açıq şəkildə qınamaqdan yayınaraq məsələni “təhlükəsizlik” arqumentləri ilə izah etməyə çalışdı. Bu mövqe hüququn güc qarşısında necə dayandırıldığını göstərir.
Atəşkəs anlayışı da məhz bu nöqtədə məna itirir. Klassik beynəlxalq hüquqda atəşkəs döyüşlərin dayanması, mülki əhalinin qorunması və danışıqlar üçün zəmin yaradılması deməkdir. Qəzzada isə atəşkəs İsrail tərəfindən hərbi yenidən yerləşmə və işğalın yenidən dizaynı üçün istifadə edildi. Atəşkəs elan edildikdən sonra Sarı Xətt boyunca hücumların davam etməsi, mülki şəxslərin snayperlərlə öldürülməsi və kənd təsərrüfatı sahələrinin bombalanması bunun açıq sübutudur. Human Rights Watchun hesabatları bu gerçəyi aydın şəkildə ortaya qoyur.
Bu Xətt Yalnız İsrailin Günahı Deyil
Beynəlxalq qurumların susqunluğu bu prosesin ən kritik elementlərindən biridir. BMT Təhlükəsizlik Şurasının qərarları ya veto edildi, ya da sanksiyaya çevrilmədi. Beynəlxalq Cinayət Məhkəməsi isə sübutlar ortada olduğu halda prosesi ləngitdi və siyasi təzyiqlərlə təsirsizləşdirildi. Buna görə Sarı Xətt təkcə İsrailin günahı deyil. Bu xətt qlobal sistemin fələstinliləri hüququn müdafiəsindən çıxardığının elanıdır. Bu gün Qəzzada yaşayan bir fələstinli üçün “beynəlxalq hüquq” artıq abstrakt anlayışdan başqa bir şey deyil.
İslam dünyasının mövqeyi də bu hüquqsuzluğu möhkəmləndirdi. Bir çox İslam ölkəsi Sarı Xətt tətbiqini diplomatik bəyanatlarla keçişdirdi, konkret sanksiyalardan xüsusilə qaçdı. Bu isə Fələstin məsələsinin İslam dünyasında getdikcə ritorika səviyyəsinə endiyini göstərir. Bu mənada Sarı Xətt təkcə hərbi xətt deyil, hüququn dayandırıldığı bir həddin adıdır. Bu hədd keçildikdə artıq heç bir norma, heç bir prinsip bağlayıcı olmur.
Yeni Müstəmləkə Nizamı
Sarı Xəttin ən kritik tərəfi soyqırım praktikasının məkan üzrə təşkilinə çevrilməsidir. Soyqırım təkcə kütləvi qırğın deyil. Bir xalqın yaşayış şərtlərini sistemli şəkildə aradan qaldırmaq da bu cinayətin əsas elementlərindəndir.
Sarı Xətt boyunca kənd təsərrüfatının məhv edilməsi, su mənbələrinin kəsilməsi, xəstəxanalara çıxışın əngəllənməsi və daimi hərbi təzyiq fələstinlilərin həyatını davam etdirilməz hala gətirib. Doctors Without Bordersin hesabatları Qəzzada nəzarət olunan humanitar çöküşün yaradıldığını göstərir.
İsrail bu prosesdə birbaşa qətliam əvəzinə yaşayış sahələrini daraldaraq aclıq və xəstəlik yolu ilə məhv etmə strategiyasını seçir. Səbəb sadədir: bu üsul beynəlxalq ictimaiyyətdə daha az reaksiya doğurur. Müasir soyqırım məhz bu cür forma alır.
Sarı Xətt eyni zamanda “idarə olunan xaos” zonasıdır. Bu xətt boyunca davamlı qeyri-müəyyənlik, təhlükəsizlik boşluqları və məcburi köçürmələr yaradılır. Lakin bu xaos təsadüfi deyil. Bu, İsrail tərəfindən idarə olunan, sərhədləri müəyyən edilmiş xaosdur. Məqsəd fələstin cəmiyyətinin kollektiv müqavimətini sındırmaqdır. İnsanlar davamlı yer dəyişməyə məcbur edilir, sosial bağlar qırılır, iqtisadiyyat tamamilə çökür. Bu, klassik müstəmləkəçilikdən fərqli, əhalini tam passivləşdirməyə yönəlmiş yeni müstəmləkə modelidir.
Qəzzada qurulan bu nizam hərbi işğalla humanitar yardım ritorikasını eyni anda istifadə edir. Bir tərəfdən Sarı Xətt boyunca ölüm zolağı yaradılır, digər tərəfdən nəzarət olunan yardım dəhlizləri açılaraq “böhran idarə olunur” görüntüsü formalaşdırılır. Amnesty Internationalın vurğuladığı kimi, bu ikili struktur soyqırımı ört-basdır edən təbliğat mexanizmidir.
Nəticə etibarilə, Sarı Xətt müvəqqəti təhlükəsizlik xətti deyil. Bu xətt Qəzzanın gələcəyini müəyyən edəcək daimi işğal sərhədidir. Fələstinlilərin yaşamaq hüququnu sistemli şəkildə aradan qaldıran müasir müstəmləkəçiliyin konkret təcəssümüdür. Tarixi baxımdan isə Sarı Xətt İsrailin əvvəl faktiki, sonra hüquqi ilhaq strategiyasının yeni mərhələsidir. Bu mərhələnin hədəfi açıqdır: Qəzzanı yaşanmaz hala gətirmək və fələstinliləri bu torpaqlardan zorla uzaqlaşdırmaq.
