Böyük Britaniya parlamentində keçirilən iclasda Qəzzadakı humanitar vəziyyət müzakirə olunub və Baş nazir Keir Starmerin hökuməti İsrailin cinayətlərinə qarşı yumşaq mövqe tutmaqda günahlandırılıb. Deputatlar aclığın geniş yayılmasına və İsrailin tətbiq etdiyi “insan qaynaqlı” blokadaya diqqət çəkərək, dərhal İsrailə silah ixracının dayandırılmasını və Fələstin dövlətinin rəsmən tanınmasını tələb ediblər.
Xarici işlər naziri Devid Lamminin də iştirak etdiyi iclasda deputatlar vurğulayıblar ki, sadəcə sözlü qınamalar kifayət deyil. London, ən azı Avropa ilə koordinasiyada, blokadanın aradan qaldırılması və daha çox insanın ölümü qarşısında konkret addımlar atmalıdır.
Liberal Demokratlardan Dr. Rouz Sevic bildirib ki, 20 mindən çox fələstinli uşaq ağır qidalanma çatışmazlığı səbəbindən xəstəxanalara yerləşdirilib. O, Əmnisti İnternəşnlə istinad edərək İsrailin aclığı “müharibə silahı” kimi istifadə etməsini pisləyib və hökuməti İsrailə silah ixracını dayandırmağa, həmçinin Fələstin dövlətini dərhal və şərtsiz tanımağa çağırıb.
Leyboristlərdən Alister Stratern Qəzzadakı vəziyyəti “şikəst uşaqların paytaxtı” kimi təsvir edib və deyib: “Hökumətin addımları yetərli deyil, blokada və aclıq bitməyincə heç bir müsbət tədbir nəticə verməyəcək.”
Liberal Demokratlardan Sara Qrin isə Qəzza Humanitar Fondu (GHF) mexanizminin səmərəsizliyini gündəmə gətirib. O, Sərhədsiz Həkimlərin bu fondun paylama mərkəzlərini “təşkil olunmuş qətl yerləri” adlandırdığını xatırladıb. ABŞ və İsrailin dəstəyi ilə BMT-nin ənənəvi yardım sistemi əvəzinə yaradılan bu fond, ilk gündən humanitar təşkilatlar tərəfindən tənqid olunub. Yardım mərkəzlərinə hücumlar və genişmiqyaslı qarət hadisələri barədə dəfələrlə hesabatlar yayılsa da, Qrin Britaniya hökumətinin Vaşinqton və Təl-Əvivə təzyiq göstərməməsini sual edib.
Böyük Britaniyanın xarici işlər üzrə müavini Himesh Folkner GHF-nin səmərəsizliyini qəbul edib və bildirib ki, bu sistem məqsədlərinə çatmamaqla yanaşı, ölüm, yaralanma və sui-istifadə ilə əlaqələndirilir. O, Londonda BMT-nin yardım paylanmasına rəhbərlik rolunu dəstəkləməyə davam etdiklərini vurğulayıb.
İclasda Liberal Demokratlardan Helen MakQuayr isə BMT-nin Qəzzada aclığı təsdiqlədiyini xatırladaraq vəziyyəti “insan qaynaqlı fəlakət və bəşəriyyətin uğursuzluğu” kimi dəyərləndirib və İsrail kabinetinin bütün üzvlərinə, o cümlədən Netanyahuya qarşı sanksiyaların tətbiq edilməsini tələb edib. Folkner bu çağırışı rədd etməyib, sadəcə hazırda iki israilli nazirə qarşı qüvvədə olan sanksiyaları xatırladıb.