Qəzzada şimaldan köç davam edir
Qəzzanın hökumət mediası açıqlama verərək bildirib ki, şəhərdə və şimal bölgələrində bir milyondan çox fələstinli hələ də öz torpaqlarında möhkəm dayanır və İsrailin məcburi köçürmə siyasətinə qarşı çıxır.
Məlumata görə, Şimali Qəzzanın 398 min nəfərlik əhalisinin əksəriyyəti Qərb istiqamətinə doğru köçmək məcburiyyətində qalıb. Eyni zamanda, Qəzza şəhərinin 914 mindən çox sakini arasında təxminən 350 min nəfər şərq məhəllələrindən mərkəzə və qərbə köç edib.
190 min nəfər yeni köç etmək məcburiyyətində qaldı
Hesabatda qeyd edilir ki, yalnız ötən gecə 190 min nəfər İsrailin intensiv hücumları səbəbilə evlərini tərk edərək cənuba yönəlmək məcburiyyətində qalıb. Bu, son günlərdəki ən böyük köç dalğalarından biri hesab olunur.
Geri dönüşlər də baş verir
Eyni zamanda, hökumət rəsmiləri “əks köç” prosesinin də müşahidə olunduğunu bildiriblər. Belə ki, 15 mindən çox fələstinli əşyalarını cənuba aparsa da, oradakı dözülməz şərait – su, qida, sığınacaq və tibbi xidmət çatışmazlığı səbəbilə yenidən öz məhəllələrinə qayıdıb.
“Təhlükəsiz zona” yalanı
Qəzzənin cənubundakı Mavasi bölgəsində hazırda 800 min insan yerləşdirilib. İsrailin “humanitar zona” adlandırdığı ərazi son günlərdə 109-dan çox hava hücumuna məruz qalıb. Bu hücumlarda 2000-dən artıq insan həlak olub.
Hökumət mediası bildirib ki, Mavasi və digər bölgələrdə nə xəstəxana, nə infrastruktur, nə də zəruri yaşayış şəraiti var. Bu, insanların orada yaşamasını “praktiki olaraq qeyri-mümkün” edir.
Məcburi köçürmə planı
Rəsmi açıqlamada qeyd olunur ki, İsrail hazırda Qəzzənin yalnız 12%-ni “sığınacaq zonası” kimi elan edib və 1,7 milyon insanı bu dar ərazidə toplamağa çalışır. Bu plan hökumətin ifadəsi ilə desək, “məcburi köçürmə və konsentrasiya düşərgələri siyasəti”nə bənzəyir.
Beynəlxalq ictimaiyyətə çağırış
Qəzzə hökuməti beynəlxalq təşkilatlara və BMT-yə müraciət edərək İsrailin bu hərbi və humanitar cinayətlərinə qarşı dərhal tədbir görülməsini tələb edib.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Qəzzə şəhərinə quru müdaxiləsinin başlandığını açıqlayıb. İsrail ordusunun planı şəhərin boşaldılması və tam işğalı üzərində qurulub.