Putindən Avropaya Sərt İttiham: “Ukrayna Sülhünü Siz Əngəlləyirsiniz!”

2 Dəq Oxuma Müddəti

“Avropanın bütün təklifləri yollarını əngəlləyir”

Rusiya Prezidenti Vladimir Putin Avropanın ABŞ-ın Ukrayna müharibəsinin dayandırılması ilə bağlı planına təqdim etdiyi dəyişiklikləri “sülhə mane olmaq” kimi qiymətləndirib. O bildirib ki, Avropa “artıq sülh xəttindən çıxıb, müharibənin açıq tərəfdarıdır” və danışıqlardan uzaqlaşıb.

Putinin sözlərinə görə, Avropa Rusiyanın “strateji məğlubiyyəti” barədə illüziyalarla yaşayır və gerçəkləri qəbul etməkdən yayınır.

Prezident iddia edib ki, əldə olunan nəticələrin “Avropanın maraqlarına uyğun gəlməməsi” səbəbindən Avropa ölkələri “indiki ABŞ administrasiyası və Prezident Donald Trampın danışıqlar yolu ilə sülhə nail olmasına mane olur”.

“Rusiyanı günahlandırmaq cəhdləri mənasızdır”

Putin Avropanın Ukraynadakı vəziyyətin dondurulmasına görə Rusiyanı məsul göstərmək cəhdinin uğursuz olacağını deyib. O bəyan edib ki, Moskvanın “Avropa ilə müharibə niyyəti yoxdur”, lakin belə bir qarşıdurma baş verərsə, Rusiya buna tam hazırdır.

Prezident qeyd edib ki, Avropa reallığı nəzərə alarsa, Moskva onları yenidən sülh danışıqlarına buraxmağa hazır ola bilər.

“Krosnoarmeysk tam nəzarət altındadır”

Putin cəbhə xətti ilə bağlı açıqlamalarında Krosnoarmeysk şəhərinin tam şəkildə Rusiya ordusunun nəzarətinə keçdiyini təsdiqləyib. O, şəhərin əvvəllər Ukrayna ordusunun ən güclü istehkamlarından biri olduğunu xatırladaraq, onun xüsusi strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Prezident deyib ki, Krosnoarmeysk Rusiya ordusuna “hərbi əməliyyatların bütün istiqamətlərində rahat irəliləmə imkanı” yaradır. O, şəhərin nəzarətə götürüldüyünə şübhə edənləri əraziyə səfər etməyə dəvət edib və istənilən jurnalistin – o cümlədən Qərb müxbirlərinin – bölgəyə göndərilə biləcəyini qeyd edib.

Kupyanskda mühasirə dərinləşir

Putin bildirib ki, Kupyansk istiqamətində Ukrayna ordusunun 15 batalyondan ibarət qrupu çayın sol sahilində Rusiya qüvvələri tərəfindən mühasirəyə alınıb və “aradan qaldırılmasına başlanılıb”. Onun sözlərinə görə, Rusiya ordusu çayın hər iki sahilinə nəzarət edir və Kupyansk–Uzlova yaşayış məntəqəsinin bir neçə gün ərzində tam nəzarətə keçəcəyi gözlənilir.

Qara dənizlə bağlı xəbərdarlıq

Ukraynanın Qara dənizdə Rusiya gəmilərinə hücumlarına toxunan Putin “piratçılığa dəstək verən ölkələrin gəmilərinə qarşı cavab tədbirlərinin” nəzərdən keçirilə biləcəyini bildirib.

O deyib: “Ukrayna dənizdən təcrid olunarsa, piratlıq edə bilməz”. Prezident əlavə edib ki, Kiyev əvvəlcə Rusiya limanlarını hədəfə almağa çalışıb, lakin Moskva buna “effektiv cavab verib”.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş