Putin və Colani Moskva görüşündə strateji əməkdaşlığı müzakirə etdilər
Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü Moskvada Suriyanın keçid dövrü prezidenti Colani rəsmi səfərdə qəbul edib. Görüşdə iki ölkə arasında çoxillik əlaqələrin möhkəmləndirilməsi və yeni əməkdaşlıq istiqamətləri əsas müzakirə mövzusu olub.
Putin çıxışı zamanı qeyd edib ki, Rusiya və Suriya arasında münasibətlər onilliklər boyu xüsusi dostluq xarakteri daşıyıb və Moskva həmişə bu əlaqələri səmimi şəkildə qorumağa çalışıb.
“Rusiya Suriyaya münasibətlərində hər zaman Suriya xalqının mənafeyini rəhbər tutub və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq bu gün də davam edir”, – deyə Putin vurğulayıb.
O, həmçinin Rusiya və Suriya Xarici İşlər nazirlikləri arasında müntəzəm məsləhətləşmələrin aparılacağını elan edib.
Colani: “Yeni Suriya Rusiya ilə strateji tərəfdaşlığı bərpa edir”
Suriya Prezidenti Colani öz növbəsində bildirib ki, Dəməşq Moskva ilə əlaqələri “yenilənmiş Suriya siyasətinin əsas dayağı” kimi görür.
Onun sözlərinə görə, Suriya iqtisadiyyatının mühüm hissəsi, xüsusilə də ərzaq təminatı və enerji infrastrukturu, Rusiya istehsalı və texnologiyalarına əsaslanır:
“Rusiyanın təcrübəsi olmadan enerji və kənd təsərrüfatı sahələrində dayanıqlı inkişaf mümkün deyil,” – deyə Colani qeyd edib.
Geniş heyətli görüş və strateji gündəm
Colani Moskva səfərində xarici işlər naziri Əsəd əş-Şeybani, müdafiə naziri Mərəhf Əbu Qəsrə və bir sıra hərbi və iqtisadi rəsmilər müşayiət edib.
Tərəflər arasında aparılan danışıqlarda enerji, ərzaq təhlükəsizliyi, ticarət və infrastruktur layihələri ilə yanaşı, humanitar əməkdaşlığın da genişləndirilməsi məsələləri müzakirə olunub.
Lavorov: Rusiya bazaları humanitar mərkəzə çevrilə bilər
Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə açıqlamasında bildirib ki, Suriya hökuməti Tartus və Hmeymimdəki Rusiya hərbi bazalarının fəaliyyətini davam etdirməkdə maraqlıdır.
Lavrovun sözlərinə görə, gələcəkdə bu obyektlər humanitar yardım və təlim mərkəzlərinə çevrilə bilər. Bu addım Moskva və Dəməşq arasında strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.