Rusiya Avropadakı hərbi fəaliyyətlərə cavab verəcək
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Avropadakı silahlanmanı diqqətlə izləyir və ölkəyə qarşı hər hansı təhdidlərə “sarsıdıcı cavab” verəcək. Bu açıqlamanı o, Valday Beynəlxalq Diskussiya Klubunun 22-ci illik toplantısında səsləndirib.
Putin Avropa siyasətçilərinin “Rusiya ilə müharibə ehtimalı” barədə açıqlamalarını “boş sözlər” adlandıraraq deyib: “Kim hərbi baxımdan Rusiya ilə rəqabət aparmaq istəyirsə, buyursun… Amma Moskva heç vaxt zəiflik göstərməyəcək”.
Ukrayna müharibəsi və danışıqlar çağırışı
Ukrayna cəbhəsindəki vəziyyətə toxunan Putin, Rusiya qüvvələrinin təmas xətti boyunca irəliləyişini davam etdirdiyini bildirib. Onun sözlərinə görə, Donetskdəki Kirovsk şəhəri artıq tam olaraq rus ordusunun nəzarətindədir.
Rusiya lideri Ukrayna Silahlı Qüvvələrinin itkilərinin “bərpa olunmaz dərəcədə çox” olduğunu vurğulayaraq, Kiyev rəhbərliyinə danışıqlar masasına dönməyi məsləhət görüb. O, müharibənin qarşısının yalnız o halda alına biləcəyini deyib ki, Kiyev öz müstəqilliyini qorusun və NATO-nu Rusiyanın sərhədlərinə yaxınlaşdırmasın.
Qərbə və NATO-ya mesajlar
Putin bəyan edib ki, Rusiya Qərbin sanksiya təzyiqlərinə baxmayaraq dayanıqlılıq nümayiş etdirib və bütün təcrid cəhdləri uğursuzluğa düçar olub. Onun sözlərinə görə, Moskva əvvəllər NATO-ya qoşulmaq və əməkdaşlıq təklif etsə də, bu müraciətlər rədd edilib.
Prezident əlavə edib ki, Qərb ölkələri Rusiya ilə əməkdaşlıq etmədən nə texnologiya, nə də resurs təminatında uğur qazana bilər: “Qərb liderləri öz problemləri ilə məşğul olsun, çünki balanslı dünya Rusiyasız mümkün deyil”.
Qlobal təhlükəsizlik və çoxtərəflilik
Putin təhlükəsizlik məsələlərinin parçalanmaz olduğunu bildirərək, bir dövlətin təhlükəsizliyinin başqasının hesabına təmin edilə bilməyəcəyini vurğulayıb. O, hazırkı beynəlxalq vəziyyəti yüksək riskli adlandıraraq, yalnız çoxtərəfli əməkdaşlığın problemlərə real həll gətirə biləcəyini qeyd edib.
Rusiya lideri dünyada çoxqütblü nizamın formalaşdığını və bunun Qərbin hegemonluq siyasətinə qarşı təbii reaksiya olduğunu bildirib: “Heç bir qüvvə dünyaya hökm edə bilməz. Yeni dövr başlayıb və diktə epoxası bitib”.
Yaxın Şərq və Fələstin məsələsi
Putin çıxışında Yaxın Şərqdəki vəziyyətə də toxunub. O, Qəzzanın idarə edilməsinin Fələstin Muxtariyyəti vasitəsilə mümkün ola biləcəyini, bölgədə sülhün isə yalnız Fələstin dövlətinin yaradılması ilə təmin ediləcəyini vurğulayıb.
Yeni beynəlxalq platformalar
Rusiya prezidenti BMT və ATƏT-in hazırkı vəziyyətini tənqid edərək, beynəlxalq məsələlərin müzakirəsi üçün alternativ platformaların yaradılmasına ehtiyac olduğunu bildirib. O, BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının nüfuzunun artdığını və bu qurumların “təbii tərəfdaşlar” olduğunu qeyd edib.