Polşa: Təxribat riskinə qarşı ölkə üzrə genişmiqyaslı əməliyyat başlayır
Polşa hökuməti ölkənin kritik infrastrukturunu qorumaq üçün yeni təhlükəsizlik planını aktivləşdirib. Baş nazirin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamyş bildirib ki, “Horyzont” adlı əməliyyat çərçivəsində 10 min əsgər müxtəlif obyektlərin mühafizəsinə cəlb olunacaq. Bu addım Rus kəşfiyyatı ilə əlaqəli şəbəkələrdən qaynaqlanan təxribat risklərinin artması səbəbilə atılıb.
Nazir qeyd edib ki, əməliyyat son illərin ən böyük təhlükəsizlik tədbirlərindən biridir və Avropada küçələrdə hərbçilərin görünməsi adi haldır. O əlavə edib: “Polşa buna tam hazırdır. NATO-nun üçüncü böyük ordusuna sahibik”.
Yeni il dövrü yüksək riskli hesab edilir
Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vyeslav Kukula əməliyyatın 21 oktyabrda başlayacağını açıqlayıb. Onun sözlərinə görə, Yeni il və Milad dövrü müxtəlif təxribatlar üçün xüsusilə həssas zaman hesab edilir.
Kukula həmçinin vətəndaşların şübhəli halları birbaşa dövlət qurumlarına ötürməsi üçün noyabrın sonu–dekabrın əvvəlində xüsusi mobil tətbiqin istifadəyə veriləcəyini bildirib.
Polşa və Ukrayna xüsusi xidmət orqanları əməkdaşlığı gücləndirir
Polşa Baş naziri Donald Tusk Ukrayna Prezidenti Vladimir Zelenski ilə təhlükəsizlik sahəsində koordinasiya mexanizmlərinin genişləndirildiyini bildirib. Birgə əməkdaşlıq dövlət dəmir yolları və xüsusi xidmət orqanlarını da əhatə edir. Məqsəd Rusiyaya işlədiyindən şübhələnilən şəxsləri müəyyən etmək və mümkün təxribatların qarşısını almaqdır.
Varşava–Lublin dəmir yolu xəttində aşkarlanan təhlükə
16 noyabrda Varşava–Lublin dəmir yolu xəttində hərəkət edən qatarın maşinisti relslərdə anormal zədələnmə görərək təcili olaraq hərəkəti dayandırıb. Sərnişinlər təxliyə edilib və xətt bağlanıb. Aparılan araşdırma nəticəsində Mika kəndi yaxınlığındakı zədələrin partlayıcı maddə istifadə edilərək törədildiyi müəyyən olunub. Eyni xəttin Lublinə yaxın hissəsində də oxşar izlər aşkarlanıb.
Baş nazir Tusk açıqlayıb ki, bu işi həyata keçirən iki şəxsin Rusiyaya bağlı şəbəkələrlə əlaqəsi olan Ukrayna vətəndaşları olduğu müəyyən edilib. Bu hadisə “Horyzont” əməliyyatının əhəmiyyətini daha da artıran əsas amillərdən biri sayılır.
