Pirallahıda qeyri-adi oğurluq
Pirallahıda yerləşən istixanalardan birində maraqlı oğurluq hadisəsi baş verib. İstixanadan pomidor oğurlayan iki nəfər saxlanılıb və onların diqqət çəkməmək üçün yükdaşıma xidməti vasitəsilə hərəkət etdiyi müəyyənləşdirilib.
Oğrulardan biri işçi imiş
Araşdırmalar göstərib ki, saxlanılanlardan biri – 41 yaşlı Ceyhun həmin istixanada operator işləyirmiş. O, gecə növbəsində olduğu vaxt oğurluq planını həyata keçirib. Digər şəxs isə 22 yaşlı Rəşid olub. Bu əməliyyatı Rəşidə təklif edən də məhz Ceyhun olub.
“166 yükdaşıma” ilə pomidor daşıyıblar
Oğurluğu həyata keçirmək üçün onlar “166 yükdaşıma xidməti”ndən maşın sifariş ediblər. Gecə saatlarında çağırılan sürücü isə baş verənlərdən xəbərsiz olub. İlk oğurluqdan sonra Ceyhun sürücünün nömrəsini götürərək sonrakı daşımaları birbaşa onunla razılaşdırıb.
5500 manatlıq məhsul oğurlanıb
İstintaq zamanı məlum olub ki, Ceyhun və Rəşid ümumilikdə üç dəfə istixanadan pomidor çıxarıblar. Onların əldə etdiyi məhsulun ümumi dəyəri 5500 manat olub. Oğurlanan pomidorlar satılıb və pul iki nəfər arasında bölüşdürülüb.
Sahibkar şikayətini geri götürüb
Hadisə aşkarlandıqdan sonra hər iki şəxs saxlanılıb. Onlar dəymiş ziyanı tam ödəyiblər. İstixana sahibi isə onları bağışladığını bildirib və əlavə şikayətçi olmayıb.
Məhkəmənin qərarı
Cinayət işi üzrə aparılan istintaq yekunlaşıb. Məhkəmənin qərarına əsasən, hər iki şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilib.