“Dövlət öz vəzifəsini yerinə yetirəcək”
Məsud Pezeşkian bildirib ki, İran hökuməti İslam İnqilabının Ali Rəhbərinin şəhid olmasına baxmayaraq, öz vəzifə və məsuliyyətlərini yerinə yetirməyə davam edəcək.
O vurğulayıb ki, bu hadisənin ağrısı İran xalqının yaddaşında uzun müddət qalacaq. Prezident qeyd edib ki, ölkə rəhbərliyinə qarşı törədilən cinayətlər və şəhidlər İran İslam Respublikasını fəxr, müstəqillik və şərəf yolundan döndərə bilməz.
“Xalq birlik nümayiş etdirir”
Pezeşkian bildirib ki, İran xalqı düşmən planlarına qarşı vahid mövqedədir. Onun sözlərinə görə, insanların meydanlara və məscidlərə çıxması düşmənlərin planlarını iflasa uğradır.
Prezident əlavə edib ki, İran silahlı qüvvələri düşmən bazalarına qarşı güclü zərbələr endirir və bu hücumlar qarşı tərəfin hərbi imkanlarını zəiflədəcək.
Regional çağırış
Pezeşkian xəbərdarlıq edib ki, ABŞ və İsrailin genişlənmə siyasəti yalnız İranla məhdudlaşmayacaq və digər müsəlman ölkələrini də hədəfə ala bilər. O, region ölkələrini birgə hərəkət etməyə və təhlükəsizliklə müstəqilliyi qorumağa çağırıb.
“Açıq müharibə” bəyanatı
Prezident daha əvvəl yaydığı başsağlığı bəyanatında Şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadətə yetməsinin “region xalqlarına qarşı açıq müharibə” kimi qiymətləndirmişdi.
İran dövlət televiziyası ABŞ-İsrail hücumu nəticəsində Ali Rəhbərin iş yerində – “Beytül-Rəhbər”də – şəhid olduğunu elan etmişdi. Hücumların davam etdiyi bildirilir.
Gərginlik davam edir
İran rəhbərliyi hərbi əməliyyatların davam etdiyini və cavab tədbirlərinin mərhələli şəkildə həyata keçirildiyini vurğulayır. Analitiklər hesab edirlər ki, vəziyyət regionda uzunmüddətli qarşıdurma riskini artırır.
Hazırda Tehran siyasi və hərbi səviyyədə həm daxili sabitliyi qorumağa, həm də xarici təhdidlərə cavab verməyə çalışır.
