Dimona yaxınlığındakı Negev səhrasında yerləşən araşdırma mərkəzinin son peyk fotoları İsrailin nüvə silahı hazırladığı iddia edilən bölgədə inşaat fəaliyyətlərinin artdığını üzə çıxarıb.
Son günlər çəkilmiş görüntülər Dimona şəhəri yaxınlığındakı Şimon Peres Negev Nüvə Araşdırma Mərkəzində davam edən inşaatı açıq şəkildə göstərir. Analitiklər qeyd edirlər ki, ərazidəki işlər son aylarda nəzərəçarpacaq dərəcədə sürətlənib.
Sözügedən mərkəz İsrailin nüvə fəaliyyətlərinin əsas mərkəzi hesab olunur. Rəsmi Təl-Əviv nüvə silahı proqramı barədə açıqlama verməkdən yayınır, beynəlxalq aləmdə isə mövzu ətrafında mübahisələr yenidən qızışıb. İsrail hökuməti inşaatın məqsədi ilə bağlı mövqe açıqlamayıb, Ağ Ev də mövzuya dair sualları cavabsız qoyub. Xüsusilə İranla gərginliyin artdığı bir vaxtda bölgədəki hərəkətlilik diqqət çəkir.
ABŞ şirkəti görüntüləri yaydı
ABŞ mərkəzli Planet Labs PBC şirkəti tərəfindən təmin olunan və Associated Press tərəfindən təhlil edilən peyk görüntüləri İsrailin 2019-cu ildən bəri bu mərkəzdə inşaat apardığını ortaya çıxarıb.
İyul ayında çəkilmiş fotolarda Dimona yaxınlığındakı nüvə mərkəzində yerin altına doğru çoxmərtəbəli qazıntıların aparıldığı və ətrafda genişmiqyaslı tikinti işlərinin getdiyi görünür.
Mütəxəssislərin ehtimalları
Analitiklər, tikinti işlərinin İsrailin nüvə proqramı çərçivəsində aparıldığı qənaətindədir. Lakin inşa edilən obyektin dəqiq məqsədi barədə fikir ayrılığı mövcuddur.
Bəzi mütəxəssislər obyektin ölçüsü, yerləşmə yeri və çoxmərtəbəli strukturu nəzərə alındıqda, onun nüvə silahı istehsalında istifadə olunan materialları hazırlaya biləcək yeni bir ağır su reaktoru ola biləcəyini bildiriblər.


