Peyk görüntüləri atəşkəs dövründə dağıntıları təsdiqləyir
Son peyk görüntüləri sionist işğal qüvvələrinin Qəzza zolağında nəzarətində olan ərazilərdə sistemli şəkildə dağıntıları davam etdirdiyini göstərir. Bildirilir ki, bu proses ötən ilin oktyabr ayında atəşkəsin qüvvəyə minməsindən sonra da dayanmayıb. Məlumatlar Qəzza zolağında misli görünməmiş dağıntı miqyasını və əhalinin kütləvi şəkildə didərgin düşməsini bir daha gündəmə gətirir.
Şərqi Qəzza şəhərində, xüsusilə Şücaiyyə məhəlləsində çəkilən peyk görüntülərinə əsasən, son aylarda yüzlərlə bina tamamilə yerlə-yeksan edilib. Görüntülərin müqayisəsi göstərir ki, atəşkəsdən dərhal sonra çəkilən fotolarla indiki vəziyyət arasında ciddi fərq var və dağıntı əməliyyatları nəzərəçarpacaq dərəcədə genişlənib.
Qismən zədələnmiş binalar da tamamilə sökülüb
Məlumatlara görə, müharibə zamanı yalnız qismən zədələnmiş bir çox yaşayış binası sonradan mühəndis texnikası vasitəsilə tamamilə dağıdılıb. Hətta əvvəlcə nisbətən salamat görünən binaların belə sonradan torpaqla bir edildiyi müşahidə olunur. Bu faktlar dağıntıların təsadüfi deyil, planlı şəkildə həyata keçirildiyini göstərir.
Fələstin mənbələrinin bildirdiyinə görə, müharibədən əvvəl hazırda sionist rejim ordusunun nəzarətində olan ərazilərdə, xüsusilə Qəzza şəhərinin şərqi, Xan Yunis və Rəfah bölgələrində təxminən bir milyon insan yaşayırdı. Hazırkı vəziyyətdə bu insanların yaxın gələcəkdə evlərinə qayıtması real görünmür. Onlar minlərlə digər evsiz qalan sakinlə birlikdə çadırlarda və müvəqqəti sığınacaqlarda yaşamağa məcbur qalırlar.
Nəzarət mövqeləri və yeni yollar genişləndirilir
Böyük Britaniyada fəaliyyət göstərən “Forensic Architecture” təşkilatının yaydığı təhlilə əsasən, atəşkəs dövründə Qəzza daxilində sionist rejim ordusu ilə fələstinlilər arasında ayırıcı xətt sayılan “sarı xətt” boyunca 13 yeni mövqe yaradılıb. Bu mövqelərin əsas hissəsi sektorun şimalında və Xan Yunis şəhərinin şərqində yerləşir. Bununla da nəzarət altındakı mövqelərin sayı 48-ə çatıb.
Hesabatda həmçinin bu mövqeləri İsrail ərazisi ilə birləşdirən yolların genişləndirildiyi, Xan Yunis ərazisində isə yeni yolun çəkildiyi qeyd olunur. Rəfahda dağıntıların təmizlənməsi və Xan Yunisdə dağıdıcı fəaliyyətlərin genişləndirilməsi də diqqət çəkən məqamlar sırasındadır.
Qəzzada misli görünməmiş humanitar fəlakət
BMT-nin peyk mərkəzinin məlumatına görə, Qəzza zolağında binaların və infrastrukturun 81 faizi müharibə nəticəsində qismən və ya tamamilə dağıdılıb. Rəsmi təhlillər 123 minə yaxın binanın tamamilə məhv edildiyini, on minlərlə binanın isə ciddi və orta səviyyədə zərər gördüyünü göstərir.
Son həftələrdə hava şəraitinin pisləşməsi nəticəsində müharibə zamanı zədələnmiş bir sıra binalar çöküb. Bu hadisələr insan tələfatına səbəb olub. Qəzza şəhərinin Şeyx Rıdvan məhəlləsində bir binanın çökməsi nəticəsində beş nəfərin həlak olması vəziyyətin nə qədər ağır olduğunu göstərir.
Mütəxəssislərin hesablamalarına görə, müharibə Qəzzada təxminən 61 milyon ton dağıntı qalığı yaradıb. Kənd təsərrüfatı sahələrinin, yolların və yaşayış məntəqələrinin böyük hissəsinin məhv edilməsi bölgədə uzunmüddətli humanitar və ekoloji böhranın dərinləşəcəyini göstərir.
