Pekin: Yaponiya Tayvanla Bağlı “Səhv Bəyanatlarını” Dərhal Geri Çəkməlidir

2 Dəq Oxuma Müddəti

Çin: Yaponiya Tayvan barədə “kobud və yanlış” açıqlamalarından imtina etməlidir

Çin Xarici İşlər Nazirliyi Yaponiyanın son açıqlamalarına sərt reaksiya verib. Nazirliyin sözçüsü Mao Nin bu gün bildirib ki, Yaponiyanın baş naziri Sanai Takaiçinin Tayvanla bağlı bəyanatları iki ölkə arasındakı mövcud gərginliyin əsas səbəbidir. O, söz konusu fikirləri “kobud, yanlış və Çin daxili işlərinə açıq müdaxilə” kimi qiymətləndirib.

Mao Nin əlavə edib ki, Takaiçinin sözləri “vahid Çin prinsipi”ni və Pekin–Tokio münasibətlərinin təməlini təşkil edən dörd əsas siyasi sənədin ruhunu ciddi şəkildə pozur. Onun sözlərinə görə, bu cür mövqe həm ikitərəfli əlaqələrin siyasi bazasını sarsıdır, həm də regionda gərginliyi daha da artırır.

XİN sözçüsü vurğulayıb ki, Çin öz suverenliyini və fundamental maraqlarını qorumaqda qətiyyətlidir və beynəlxalq ədalətin müdafiəsi Pekinin dəyişməz mövqeyidir. O, Yaponiyanı səhv bəyanatlarını “dərhal geri çəkməyə”, addımlarının nəticələri barədə ciddi düşünməyə və Çin xalqına “aydın izahat verməyə” çağırıb.

Tokio-Pekin münasibətlərində Tayvan gərginliyi dərinləşir

Bu diplomatik qarşıdurma Yaponiyanın baş naziri Takaiçinin parlamentdə dediyi son bəyanatdan sonra alovlanıb. O, “Çinin Tayvana hücumu Yaponiyanın mövcudluğuna təhdid yaradar və hərbi cavaba səbəb ola bilər” demişdi. Bu fikir Pekində kəskin qəzəbə yol açıb və son illərin ən ciddi Çin–Yaponiya diplomatik böhranına səbəb olub.

Çin tərəfi hesab edir ki, Tokio Tayvan məsələsini suistifadə edərək regiondakı hərbi-siyasi balansı pozur və ABŞ-la birlikdə Pekinə təzyiq göstərməyə çalışır.

Yaponiya Çindəki vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edib

Bu gün daha əvvəl Yaponiya hökuməti Çində yaşayan vətəndaşlarına təhlükəsizlik tədbirlərini artırmaq barədə təcili xəbərdarlıq göndərmişdi. Tokyo vətəndaşlardan izdihamlı yerlərdən uzaq durmağı, mühitə diqqət yetirməyi və ehtiyatlı davranmağı istəyib. Yaponiyanın Çindəki səfirliyi həmçinin yerli adət-ənənələrə hörmət edilməsini və mümkün risklərə qarşı ayıq-sayıq olmağı tövsiyə edib.

Ekspertlər hesab edir ki, Tayvan ətrafındakı gərginlik artdıqca iki ölkə arasındakı diplomatik münasibətlərdə növbəti kəskinləşmələr baş verə bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş